Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Alimlər üsyana qalxdılar – AMEA rəhbərliyinin inanılmaz mənzil görməmişliyi

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsəməsi  ilə bağlı bir qrup alim birgə bəyanatla çıxış ediblər. 
 
Onlar akademiya rəhbərliyinin onlar üçün tikilmiş mənzilləri necə ələ keçirməsi haqda faktlar açıqlanıb. Bu faktları açıqlamazdan əvvəl alimlər neçə illərdir ki, ümidlə acınacaqlı şəraitdə yaşadıqlarını bildiriblər.
 
“Müraciəti Sizə ünvanlayan vaxtilə böyük arzularla AMEA-ya gənc mütəxəssis kimi gələn, 20 ildən artıqdır ki, 18 kv.m sahədən ibarət yataqxana otaqlarında yaşayan, yaşı 50-ni keçmiş, AMEA rəhbərliyinin qərarı ilə işsiz və evsiz qalan və hüquqları AMEA rəhbərliyi tərəfindən pozulan aspirantlar yataqxanasının əlacsız sakinləridir”, – müraciət belə başlayır.
 
Alimlərin verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilmişdir. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyblər:
 
“Yataqxanada yaşayan 118 sakinin imzası ilə baş tutan layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşmişdir.
 
Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə, həmin ailələrin haqlı narazılığına səbəb olmuşdur”.
 
Alimlər bununla bağlı bir çox dövlət qurumlarında dəfələrlə qəbullarda olsalar da, heç bir nəticə əldə edə bilməmişlər: “Əksinə, qəbullara getdikcə AMEA rəhbərliyi, yəni Akif Əlizadə və onun ətrafında cəmlənmiş şəxslər bizə olan qərəzli mövqeni daha da möhkəmlədərək, KİV-də həyasızcasına yalanlardan ibarət açıqlama verməklə, guya bizim sui-istifadəçi olmağımızı, bəzi sakinlərin AMEA-da işləməməsini əsas gətirib hər vəchlə özlərini haqlı çıxarmağa çalışırlar. Qeyd etmək yerinə düşər ki, mənzil almamış ailələrin bir qismi 2014-cü ildə ixtisar adı altında işdən çıxarılmış və həmin şəxslərin məhkəmələrə və yuxarı dövlət orqanlarına şikayət etmələrinin qarşısını almaq üçün onlara sakit dayanmaları və ixtisar olunaraq işdən çıxarılmalarının tikiləcək binalarda mənzillərin verilməsi ilə heç bir əlaqəsinin olmayacağı bildirilmişdir. Bu səbəbdən ixtisar adı altında işdən kənarlaşdırılmış şəxslər AMEA rəhbərliyinə inanaraq vaxtında heç yerə bununla bağlı müaciət etməmişlər. 
 
Görünən odur ki, AMEA rəhbəri Akif Əlizadə və onun əlaltıları bundan məharətlə istifadə edib, guya yataqxanada yaşayan və mənzil verilməmiş sakinlərin AMEA-da işləmədikləri üçün mənzilsiz qaldıqlarını hər addım başı gözə soxmaqla, artıq qalan mənzillərin özləri tərəfindən mənimsənilməsinə şərait yaratmaq üçün utanmadan əllərindən gələni edirlər. Lakin başa düşmürlər və ya başa düşmək istəmirlər ki, xeyli sayda insanların hüquqlarını pozub, onlara qanunsuz olaraq mənzil verməməklə, həmin insanları dövlətdən narazı salmaqla məşğul olurlar”.
 
Alimlər qeyd ediblər ki, dəfələrlə AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb etsələr də, Akif Əlizadə vəzifəsinə güvənərək onları qəbul etməkdən qəti şəkildə imtina etmişdir: “Onun ətrafında olan şəxslər isə Akif Əlizadəni ilahi qüvvə kimi təqdim etməklə yanaşı “kimə istəyirsiniz şikayət edin, onsuz da sonunda hər şey Akif müəllimin istədiyi kimi olacaqdır”, “sizə düşən mənzillər şikayət etdiyiniz orqanlardadır, gedin mənzilinizi şikayət etdiyiniz orqanlardan tələb edin” və s. deməklə bizlərdən yataqxana otaqlarını boşaltmağı tələb etmişlər. Hətta bununla kifayətlənməyərək, binada olan mənzillərin qapılarını sahiblərinin xəbəri olmadan sındırıb, qıfılını dəyişərək həmin sakinləri təhdid altında saxlamaqdan belə çəkinməmişlər. Akif Əlizadə başda olmaqla, onun ətrafındakı AMEA rəhbərliyində təmsil olunan şəxslər Şərifzadə 12 ünvanında yaşayan sakinlərin narazılıq və etirazlarına əhəmiyyət verməyərək, Azərbaycan vətəndaşı olaraq bizim bütün hüquqlarımızı tapdalamaqla bizə qarşı insani münasibət göstərməmişlər. 
 
Öz məsuliyyətini başa düşməyən və bizləri təhqir etməkdən belə çəkinməyən AMEA rəhbərliyinin nümayəndəsi Sərdar Əliyev isə bizə “xoşunuz gəlmir, hara istəyirsiniz gedə bilərsiniz” deməkdən belə çəkinmir. Akif Əlizadə özünü sadə vətəndaşlardan üstün tutaraq bizim qanunla tənzimlənən elementar hüquqlarımızı pozur və öz maraqları naminə bizə haqqımız olan mənzilləri verməkdən imtina edir…”
 
Müraciəti imzalayan alimlərin sözlərinə görə, Akif Əlizadənin “gözünü o qədər qan örtüb ki”, A.Qarayev adına Fizologiya İnstitutunun qarşısında quraşdırılmış Akademik Zərifə Əliyevanın barelyefini “analoqu olmayan” təmtəraqla həbsdə saxlayır…
 
Daha sonra alimlər Akif Əlizadə və ətrafının mənzilləri kimlərin adına ələ keçirdikləri haqda konkret faktlar ortaya qoyurlar: “Akif Əlizad 85 yaşını qeyd etməsinə baxmayaraq, tamah onun gözünü o qədər örtüb ki, bizə çatası evləri öz əlaltıları ilə birlikdə mənimsəmişlər… Bütün bunlar ərizəyə əlavə olunmuş sənədlərlə bir daha təsdiq olunur.
 
Belə ki, AMEA-nın vəzifəli şəxsləri tərəfindən Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə: 72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3m2) və 242 saylı 2 otaqlı (63,4m2) mənzillər;
 
– Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə: 74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3m2) və 248 saylı 2 otaqlı (63,4m2) mənzillər;
 
AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3m2) mənzil;
 
AMEA-nın İşlər müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3m2) mənzil;
 
Əziz həmvətənlər! Bu sadalananlar korrupsiya faktı deyilsə, bəs nədir? Bütün bunlar bəs edir ki, AMEA-nın rəhbər vəzifəli şəxsləri barəsində CM-nin 179, 308, 309, 311, 313 və digər maddələri ilə cinayət işi başladılsın və onlar məsuliyyətə cəlb olunsunlar.
 
Həmin evləri əldə etmiş şəxslər xalqımıza öz maliyyə vəsaitləri barədə hesabat versinlər və sübut etsinlər ki, həmin mənzilləri halal yolla əldə ediblər, o zaman biz sakinlər öz mənzil tələbimizdən imtina edər və yataqxana otaqlarını da onlara bağışlayarıq. Məşhur atalar sözümüzdə deyildiyi kimi: “Bu meydan, bu da şeytan”.
 
Müraciətdə həmçinin AMEA mənzil komissiyasının qərarı ilə Yasaml rayonu, Şərifzadə küç-12, “Aspirantlar yataqxanası”nda yaşamayan, qeyri-qanuni yolla  mənzil almış AMEA əməkdaşlarının siyahısı da verilib. Həmin siyahı belədir:
 
“Həmidov Habil Ağanemət oğlu – Fəlsəfə İnstitutu;
 
Əsgərli Əlizadə Bayram oğlu – Ədəbiyyat İnstitutu;
 
Həsənov Sənan Səməndər oğlu – Fəlsəfə İnstitutu;
 
Qarayev Sadiq Qurban oğlu – Mərkəzi Nəbatat Bağı;
 
Məmmədov Faiq Məmmədağa oğlu – Kataliz və Qeyri-üz. Kimya;
 
Qədimova Zenfira Məhəmməd qızı – Fiziologiya İnstitutu;
 
Babyi Rəna Mirzəli qızı – Aşqarlar Kimyası İnstitutu;
 
Binnətova Güntəkin Komnar qızı – Dilçilik İnstitutu;
 
Məmmədov Şahlar Xudakişi oğlu – Dilçilik İnstitutu;
 
Əliyeva İradə Hacıəli qızı – Tarix İnstitutu;
 
Qafarov Vidadi Kamil oğlu – Memarlıq və İncəsənət İnst;
 
Qarayeva Günay Ağaməhəmməd q. – Ədəbiyyat İnstitutu;
 
Heydərov Rasim Arif oğlu – Dilçilik İnstitutu;
 
Bagırov Hasil Cəmil oğlu – Torpaqşünaslıq və Aqrokimya;
 
Kazımov Bünyad Zinhar oğlu – Neft və Qaz İnstitutu;
 
Mahmudov Hökmən Mövcət oğlu – Radiasiya Problemləri İnstitutu;
 
Qasımov Yaşar Əliqulu oğlu – Ədəbiyyat İnstitutu”.
 
Müraciətdəki iddialarla bağlı AMEA rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir