Böyük dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqı zəngin mədəniyyətini, adət-ənənələrini və ədəbiyyatını daim yaşadaraq inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının qeyd etməyə hazırlaşdığı Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Ulu öndər Heydər Əliyev həmişə vurğulayırdı ki, gün gələcək, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 28 illik fasilədən sonra Prezident İlham Əliyev ötən il qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”, – deyən Prezident İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz Azərbaycan Prezidentinin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Deputatın sözlərinə görə, müasir dövrümüzdə Novruz bayramını daha çox xalq və ölkələr qeyd edir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bu kontekstdə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə baş verdi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz çoxmillətli nominasiya üzrə bu siyahıya 2009-cu ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində salınıb.
“İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Azərbaycanın ardınca 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Novruz bayramı nominasiyasına qoşulub. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayının daim artdığının göstəricisidir.
Ən əsas məqamlardan biri də odur ki, Novruz xalqı birləşdirən bayramdır. Bu da milli birliyimizi əhəmiyyətli dərəcədə gücləndirir”, – deyə Fatma Yıldırım qeyd edib.
Check Also
Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib
“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …