Ermənistan özünün anti-demokratik mahiyyətini gizlətmək üçün müəyyən addımlar atmağa cəhd edir. Xüsusilə də, insan haqlarının qoruyucusu donuna girərək bəzi mötəbər təşkilatlarda təmsilçilik qazanmağa can atır.
Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan BMT-nin insan hüquqları şurasında çıxış edərək Ermənistanda baş verən hadisələri demokratik keçid adlandırmağa cəhd göstərib. BMT insan hüquqları şurasının kuluarlarında N.Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda baş verən hadisələr istehzalı şəkildə yakobin və ya bolşevik sayağı “inqilabi diktatura” adlandırılır. Bundan əlavə, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törətmiş bir ölkənin BMT-nin insan hüquqları şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın təməl prinsiplərinə ziddir. Bütün bu təqdimata baxmayaraq, bu ilin payızında Ermənistan dövlət olaraq BMT-nin insan hüquqları şurasına seçilməyə çalışır.
Qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və “inqilabi diktatura” rejimi quran bir ölkənin BMT insan hüquqları şurasına seçilməsi qəbuledilməzdir, bu təsisatın təməl prinsiplərinin və dəyərlərinin tapdanmasıdır.
Ermənistan kimi ölkənin həmin qurumda təmsilçilik qazanması BMT-nin nüfuzuna necə təsir edə bilər?
- Nəzakət Məmmədova: “Ermənistan kimi qanunun aliliyinə hörmət etməyən dövlətə səs verən digər ölkələr bu barədə ciddi düşünməlidir”
Politoloq Nəzakət Məmmədova baki-xeber.com-a bildirdi ki, insan haqlarını pozan bir ölkənin, BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın insan haqlarına dair istənilən təsisata qəbul edilməsi yolverilməzdir: “Ermənistan və ya insan haqlarını kobud şəkildə pozan hər hansı bir ölkə əvvəlcə özü ona riayət etməli, şəxsi nümunə göstərməli, sonra digər ölkələrdən bunu tələb etməlidir. BMT Ermənistanı faktiki işğalçı kimi qəbul edərək, ondan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağı 27 ildir ki, tələb edir. Habelə, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatların sənədlərində dəfələrlə Ermənistanın beynəlxalq hüququ pozan dövlət olması faktlarla təsbit olunub. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda insan haqlarının pozulması, seçki məsələsində, demokratiyanın inkişafı sahəsində problemlərin olması qeyd edilib. Paşinyanın hakimiyyətə gəlməsindən sonra da bu vəziyyət davam edir. Siyasi rəqiblərlə haqq-hesab çəkmə insan haqlarının pozulması şəraitində davam edir. Bütün bu və digər səbəblər Ermənistan kimi hüquqpozan dövlətin beynəlxalq insan haqları təşkilatlarında hər hansı bir mövqe tutmasına imkan verməməlidir. Lakin mövcud beynəlxalq şərait bu təşkilatları yaradan və idarə edən böyük dövlətlərin maraqlarına söykəndiyindən ora lazım gələndə istənilən dövlətin üzvlüyünə şərait yaradırlar. Paşinyanın rəhbərlik etdiyi Ermənistan bir sıra səbəblərdən Qərbə lazım olduğu üçün, Ermənistanda rəngli inqilab baş verdikdən sonra orada guya demokratiya, insan haqları sahəsində irəliləyiş olması təəssüratı yaratmaq üçün onun BMT insan haqları təsisatına üzvlüyü müzakirə obyekti olmuş, bundan sonra da ola bilər. BMT qurumlarına üzvlük rotasiya qaydasında olarsa, o zaman səsverməyə ehtiyac qalmaz. Seçki əsasında olduqda isə hər hansı dövlətin üzvlüyü səsvermə yolu ilə ola bilər. Odur ki, Ermənistan kimi qanunun aliliyinə hörmət etməyən dövlətə səs verən digər ölkələr bu barədə ciddi düşünməlidir. Çünki öz maraqları naminə bu cür qanunpozan ölkənin əməllərini görməzdən gələn dövlətlər mövcud ədalətsiz beynəlxalq münasibətlər sisteminin daha da təşəkkül tapmasına şərait yaratmaqla bu məsuliyyətə şərik olduqlarını dərk etməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ