Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama ilə çıxış edib. O, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır:
“Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik. Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə də, Qarabağı verərdik”.
Baş nazir iddia edib ki, müharibə Şuşa uğrunda aparılıb. Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu heç də belə deyil:
“Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyildi. Mən bu barədə dəfələrlə danışmışam”.
O qeyd edib ki, ölən erməni hərbçilər Qarabağın geri qaytarılmaması üçün döyüşüblər:
“Əgər başqa yolla getsək, biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq… Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəyinə və ya bizi bağışlayacağına qərar versinlər… 7 rayonu Azərbaycana təhvil versəydim, müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”.
Paşinyanın bu çıxışı Ermənistanın müharibəfən sonra yaranan reallıqları tam qəbul etdiyi anlamına gələ bilərmi? Belədirsə, Ermənistanı buna vadar edən səbəblər nədir, çünki rəsmi İrəvan uzun müddət müharibədən sonra yaranan reallıqları qəbul etmirdi.
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanı buna vadar edən bir çox səbəblər var: “Dünya çox narahat və mürəkkəb bir dönəmdən keçir. Planetimizin bugünkü mənzərəsinə nəzər salsaq, o qədər də xoş olmayan səhnələr görərik. İki ildən çoxdur davam edən pandemiya, zaman-zaman alovlanan münaqişə və müharibə ocaqları, iqlim dəyişikliyinin fəsadları, bir-birini əvəzləyən iqtisadi və humanitar böhranlar. Sadaladığımız bu və digər qlobal risk faktorları fonunda Azərbaycanın son illərdə qət etdiyi uğur yolu daha cazibədar, daha möhtəşəm təsir bağışlayır.
İstər daxili, istərsə də xarici siyasət sferalarını əhatə edən bu uğurlu yoldan doğan reallıqlar Ermənistanı güzəştə getməyə vadar edir. Siyasət belədir. Əkdiyin toxumların bəhrəsini bir qədər sonra görməli olursan. Ermənistan bu addımı həm də dünyada dəyişən reallıqların fonunda atır. Güvəndiyi Minsk qrupu artıq özünü buraxıb. Brüssel görüşündə gördü ki, Azərbaycanın şərtlərini həm də Avropa qəbul edir. Rusiyanın məsələyə yanaşması da Ermənistanı buna vadar edir. Paşinyan və hakimiyyət bu reallıqları qəbul edib. İndi Paşinyan çalışır ki, bu reallıqları Ermənistan cəmiyyətinə qəbul etdirə bilsin. Bunun üçün də Ermənistanın buraxdığı səhvlərə ekskurs edir. Ermənistanda xalq da bu mövqe ilə razılaşır. Belə olmasaydı, müharibədə məğlub olan Paşinyanı yenidən dövlət başçısı seçməzdi. Bütün bunlar Ermənistan cəmiyyətinin müharibədın bezdiyinə bir işarədir. Orada olan bir-iki revanşist qüvvələr var ki, onlar aranı qatır. Həmin qüvvəıərin bağlılığı Rusiyayadır. Onları da Rusiya yerinə oturdacaq. Bir sözlə, Ermənistanın bu reallıqları qəbul etməkdən başqa çarəsi qalmayıb”.
Məhəmmədəli QƏRİBLİ