Emin Həsənli: Keçmiş döyüşçülərin orta məktəblərdə hərbi hazırlıq müəllimi işləməsinin çox böyük əhəmiyyəti var
“Hər bir ölkə gənclərin milli vətənpərvərlik ruhunda, savadlı, bilikli, o cümlədən fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə xüsusi diqqət ayırmalıdır. Çünki bu, dövlətin gələcəyi baxımından önəmlidir. Azərbaycan dövləti bunun üçün nə lazımdırsa edir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda güclü ordu qurulub. Öz torpağına, bayrağına sadiq, vətənpərvər gənclərin xidmət etdiyi bu ordu 44 günlük Vətən müharibəsində tarix yazdı”.
Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Bayraqdar.info-nun postmüharibə dövründə orta məktəblərdəki hərbi hazırlıq dərslərinin hərbi hissələrdə keçirilməsi imkanına dair sualını cavablandıran hərbi ekspert öncə qeyd edib ki, vətənpərvər gəncliyin yetişməsinin əsası orta məktəblərdə qoyulur: “Buna görə də Azərbaycan dövləti həmin məsələyə xüsusi qiqqət ayırır. Təbii ki, bu, davamlı olmalı, hərbi hazırlıq dərslərimiz yüksək səviyyədə, günümüzün tələbinə uyğun keçilməlidir. Çünki daimi güclü ordumuzun olmasının bir şərti də məhz vətənpərvər, hərbi biliklərə malik gəncliyin yetişməsidir”.
Heydər Əliyev Fondunun bu sahədə də fəaliyyəti təqdirəlayiqdir
E.Həsənli deyib ki, məhz buna görə də orta məktəblərdə bütün dərslərə, xüsusilə də hərbi hazırlıq dərslərinə xüsusi nəzarət olmalıdır: “Ən əsası, orta məktəblərdəki hərbi hazırlıq dərsləri ayda bir dəfə hərbi hissələrdə keçirilsə yaxşı olar. Şagirdlər praktik döyüş silahları görərlər. Mən bu məqamda Heydər Əliyev Fondunun təqdiredici addımına toxunmaq istəyirəm. Məsələ burasındadır ki, məhz Heydər Əliyev Fondu tərəfindən orta məktəblərin bir çoxunda hərbi hazırlıq otaqları komplektləşdirilib. Orada şagirdlər dərslər zamanı müasir hərbi texnologiyalarla tanış olur, yeni silahlar barədə ətraflı məlumatlar əldə edir, dərsləri bu silahlar üzərində keçirlər. Heydər Əliyev Fondunun digər sahələr kimi bu sahədə də fəaliyyəti təqdirəlayiqdir və alqışlanmalıdır. Çünki bildiyiniz kimi, SSRİ dağıldıqdan sonra müstəqillik illərində orta məktəblərdən silahlar yığıldı. Bu da şagirdlərin hərbi hazırlıq dərslərini praktik silahlar üzərində keçməsinin qarşısını aldı. Amma məhz Heydər Əliyev Fondunun bu xidməti sayəsində artıq həmin məktəblərin şagirdləri hərbi xidmətə getməzdən öncə döyüş silahları ilə yaxından tanış ola bilirlər”.
Onlar şagirdlər üçün bir nümunədir
Hərbi ekspert bu istiqamətdə atılan daha bir təqdiredici addımdan da söz edib: “Onu da deyim ki, 2012-ci ilin 13 fevralında Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu istiqamətdə xeyli işlər görüb. Bu işlər xüsusilə kadr məsələlərində özünü daha çox göstərir. Məlum olduğu kimi, orta məktəblərdə hərbi hazırlıq müəllimlərinin çatışmazlığı var idi. Heydər Əliyev Fondu kabinetləri yaratdısa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də kadr problemini həll etdi. Xidmət ehtiyatda olan hərbçilərlə, zabitlərlə iş apardı. Məhz bunun nəticəsində ehtiyatda olan mayor, polkovnik-leytenant, polkovnik rütbəli, eyni zamanda aprel döyüşlərində və hər iki Qarabağ müharibəsində iştirak edib yaralanmış leytenant, baş leytenant, kapitan və s. rütbəli zabitlər hərbi müəllim kimi məktəblərə göndərilir. Son illər yüzlərlə belə kadr məktəblərə hərbi hazırlıq müəllimi kimi təyin olunub. Bu cür keçmiş döyüşçülərin orta məktəblərdə hərbi hazırlıq müəllimi işləməsinin çox böyük əhəmiyyəti var. Onlar həmin məktəb və şagirdlər üçün bir nümunədir, yəni bir qəhrəman onların müəllimdir. Şagirdlər də gələcəkdə o müəllim kimi bacarıqlı zabit olmaq istəyir”.
O da bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti pandemiyadan öncə hər bir rayonda “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlər keçirirdi: “Orada hərbi dərsin əhəmiyyəti vurğulanırdı. Hərbi müəllimlərlə ayrıca görüş keçirilirdi. Hərbi müəllimlər şagirdlərin yaxşı bilik və bacarığına görə mükafatlandırılırdı. Eyni zamanda Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə hərbi hazırlıq müəllimləri davamlı olaraq bayramlarda mükafatlandırılır. Bu mükafatlar da şagirdlərin həmin yarışlarda əldə etdikləri yüksək nəticələrə görə təqdim olunur. Bundan əlavə, orta məktəb şagirdləri arasında atıcılıq yarışları keçirilir. Bu yarışların qalibləri də qiymətləndirilir. Həmçinin Cənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə regionlarda ümumrespublika “Şahin” və “Cəsurlar” yarışıları da keçirilir ki, bunların da çox böyük əhəmiyyəti var”.
Bu dərsləri ayda bir dəfə bir günlük hərbi xidmət formasında keçirmək olar
“Respublikanın əksər yerlərində hərbi hissələr var. Bu hərbi hissələrdə müntəzəm olaraq məktəblilər üçün açıq hərbi dərslər keçirilə bilər. Bu dərsləri rəmzi olaraq bir günlük hərbi xidmət formasında da keçirmək olar. Nəticədə o hərbi hissələr eyni zamanda özləri üçün gələcəyin yüksək hazırlıqlı hərbçilərinin yetişdirilməsində rol oynaya bilər. Digər tərəfdən, artıq pandemiya yekunlaşıb və məktəblilər üçün vətənpərvərlik yay düşərgələrinin də bərpası önəmlidir”, – deyə E.Həsənli sonda əlavə edib.