Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanlı diplomat, professor Arif Quliyev Rusiya-Ukrayna müharibəsindən DANIŞDI – “Müdrik o adamdır ki, düşməni ilə dil tapıb danışa bilir” – MÜSAHİBƏ

Hazırda dünyanın gözü Ukrayna ətrafında cərəyan edən hadisələrdədir. Fevral ayında başlayan və qarşıdurmanın qısa müddətli olduğunu proqnozlaşdıran siyasi şərhçilərin dediklərinin əksinə isə müharibə hələ də davam edir.  

“Odessa hüquq  Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq institutu Konstitusiya, Beynəlxalq hüquq və ictimai Hüquq fənləri kafedrasının professoru, azərbaycanlı diplomat, Ukraynanın Əməkdar təhsil işçisi  Arif Quliyevin fikrincə, Ukrayna-Rusiya münaqişəsi sanki bir evdə yaşayan ailə üzvlərinin müharibəsidir. O, bu barədə Ednews-a müsahibəsi zamanı deyib. Söhbət zamanı azərbaycanlı diplomat bir çox gizli məqamlara aydınlıq gətirib, siyasi prosesləri xarakterizə edib. Arif Quliyevlə maraqlı müsahibəni təqdim edirik: – Arif bəy, istərdim Ukrayna cərəyan edən proseslərdən danışaq. Sizin fikrinizcə hadisələr hansı məcraya yönəlir? Ümumiyyətlə, regionda baş verənləri necə xarakterizə edərdiz? – Rus yazıçısı Aleksey Tolstoy I Pyotr haqqında kitabında da yazır ki, dünyada iki cür, Kiyev və Moskva rusu var. Mənim fikrimcə, qonşu dövlətlərlə münasibətləri qoruyub saxlamaq lazımdır. Bu gün nə Ukrayna, nə də Rusiyada bu məsələlərə müsbət qiymət verən yoxdur. – Eyni kökdən olan iki qardaş xalqın toqquşması gözlənilən idimi? Bu müharibəni tətikləyən hansı səhvlər və bəyanatlar oldu? – Mübahisəli məsələlər zamanında öz həllini diplomatiyanın vasitəsilə tapmalı idi. İndi də gec deyil. Müdrik o adamdır ki, düşməni ilə dil tapıb danışa bilir. Rusiyalı rəhbərlərin arasında Ukrayna əsilli, siyasətçi Valentina Matviyenko ilə görüşdə də bunu demişəm.  

– Bəzi siyasi analitiklərin fikrincə, Rusiya Ukraynanın suverenliyinə toxunmamalıydı, çünki Beynəlxalq hüquqa görə o ərazilər Ukraynaya məxsusdur. Siz necə düşünürsüz? – Rusiyanın rəhbərliyinin ikili yanaşması, ərazi iddiaları çox məyusedicidir. Amma onlar bilməlidirlər ki, rusların II Dünya müharibəsində ayağa qalxaraq millət kimi formalaşmasında Ukrayna hərbçiləri və Azərbaycan neftçiləri əsas rol oynayıblar. Əsrin əvvəlində Amerikada terror aktları baş verəndə ABŞ prezidentinin hadisədə günahlandırdığı adamla əlaqələri olub. Onlara sadəcə arqument lazım idi ki, kiməsə hücum etsinlər. Buna görə hesab edirəm ki, kiminsə öz günahlarını yumaq üçün Ukrayna münaqişəsi başladıldı, ancaq inanıram ki, tezliklə bu öz həllini tapacaq.  – Müharibə başladığı ilk gündən belə bir fikir formalaşmışdı ki, Ukraynadan istifadə edərək NATO Rusiya ilə birbaşa mübarizə aparır. – NATO-da belə fikirlər ola bilər, amma bu beynəlxalq hüquqa cavab vermir. BMT TŞ-nın üzvü olan dövlətlərin – Rusiya, ABŞ, Çin, Fransanın orada olmalarının özü də maraqlıdır. Çox təəssüf ki, beynəlxalq hüququ nəzəri cəhətdən təşkil edən dövlət rəhbərləri o hüququn tələblərinə riayət etmirlər. Qarabağ müharibəsi ilə bağlı qəbul edilən qətnamələr 30 il ərzində yerinə yetirilmədi, amma özlərinin istəyi olanda anında icra edirlər. Ancaq dövlətimizin gücü, xalqın, ordunun, Ali Baş Komandanın birliyi dünya hüquq elmi üçün çox böyük bir sənəd verdi. – Son dönəmdə Rusiyanın nüvə silahı təhdidləri gündəmə gəlib. Sizcə, Rusiya həqiqətənmi nüvə silahından istifadə edə bilər?

– Bu zaman nüvə silahı Rusiyanın tam məhvinə gedən yol ola bilər. Bu Rusiyanın dünya dövlətləri səviyyəsində mövqeyinə ancaq mənfi təsir göstərəcək. 

– Yaranan gərginliklə bağlı Almaniya, Fransa və İtaliya liderləri Ukraynaya səfərlər edirlər. Hərb yolu ilə Ukraynanı vəziyyətdən uğurla xilas etmək mümkün deyil. Problemin həlli üçün Avropa liderlərinin Ukraynaya istək və təklifləri nə ola bilər? Bu münaqişənin həllini diplomatik masaya gətirmək olarmı? – Diplomatik masaya gətirilə bilməyən məsələ yoxdur. Yetər ki, istək olsun. Ukraynanın Xalq şairi Boris İliç Oleynik mənim təşəbbüsümlə keçən əsrin son onilliyində Qarabağa səfərindən qayıdarkən dedi ki, sizin başınızın ağrısı torpağınızın gözəlliyidir. Bax, bu gözəllik Ukraynaya da aiddir. Bu geosiyasi mövqe Ukraynaya da münasibətdə var. Amerikanın məşhur bir politoloq deyirdi ki, gəlin Avropa Birliyinin mərkəzini Kiyevə köçürək və orada Rusiya və Ukraynanı birləşdirək. Təbii ki, Avropa ölkələri buna heç vaxt razılaşmaz.  – Necə düşünürsüz, bu müharibədə qalib və məğlub tərəf olacaqmı? – Hər müharibədə qalib və məğlub tərəf olur. Ancaq hücum edən tərəf öz səhvlərini başa düşsə, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər.   – Ukrayna-Rusiya müharibəsi təkcə iki ölkəyə təsir etmir, bu bütün dünyaya, qonşu dövlətlərə, keçmiş post-sovet ölkələrinə böyük zərər vurur. Bu münaqişənin böyük iqtisadi, siyasi təsirləri var. Bu məsələlər necə həll oluna bilər? – Elə bir dairə var ki, dünyanı biznes qrupları ilə həll edirlər. Bu məsələdə də biznes maraqları birinci yerdə durur. Ukraynada aclıq olsa, onlara buğda əvəzinə silah verəcəklər ki, durum, vuruşun. Dünyanın birmənalı addım atmamaları bu prosesləri uzadır. Bəzi ölkələr ukraynalı qaçqınlara sığınacaq verir, amma özgə yerdə sığınacaq vətənin yerini verə bilməz. Ona görə belə getsə, proseslər uzanacaq. Bu isə dünyada qıtlığa, bahalaşmaya yol açacaq. Çünki Rusiya və Ukrayna dünyanı buğda, yağ, neft, qaz və digər həyati əhəmiyyətli vasitələrlə təchiz edən əsas ölkələrdəndilər. Bu müharibə iqtisadi cəhətdən dünyaya böyük mənfi təsirlərlə özünü biruzə verir. 

Vüsalə Balayeva

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …