Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində hücuma keçdiyi doğrudur, bir neçə yaşayış məntəqəsi də azad edilib.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin İvan Boquna adına xüsusi təyinatlı briqadasının zabiti, hərbi ekspert Taras Berezovets bildirib.
O qeyd edib ki, dünən Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal edilmiş Xerson şəhərinin cənub istiqamətində hücuma başlayıb:
“Artıq bir neçə yaşayış məntəqəsi düşməndən azad edilib. Məlumatlar az olduğundan insanlar üçün əməliyyatın gedişi barədə ətraflı təsəvvür əldə etmək mümkün olmur. “Feyk” məlumatlar həddindən artıq çoxdur. Məsələn, dünən Rusiyanın Müdafiə Nazirliyi Ukrayna SQ-nin heç bir irəliləyişə nail ola bilmədiyi barədə həqiqəti əks etdirməyən məlumat paylaşıb”.
T.Berezovets bildirib ki, ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemi ilə açılmış atəş nəticəsində Dnepr çayı üzərində hər 3 əsas keçid məhv edilib:
“Bununla da düşmənin geri çəkilmək üçün demək olar ki, yolu qalmayıb. Məlumata görə düşmənin ilk müdafiə xətti keçilib. Qondarma DXR qüvvələrindən ibarət bu müdafiə xəttinin arxasında dayanan Rusiya desantçıları da qaçmağa məcbur olublar. Qırıcılarımız düşmənin canlı qüvvəsinə və texnikasına zərbələr endirir”, – deyə o əlavə edib.