Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Radikal müxalifət rəhbərləri sosial şəbəkələrdə də bir-birilə normal dialoqa çıxa bilmirlər

Radikal müxalifət hər zaman hakimiyyəti onları təbliğat imkanlarından məhrum etməkdə günahlandırıb. İddalarının da məğzi bundan ibarətdi ki, guya hakimiyyət onlara nəzarətində olan televiziyalara çıxmağa şərait yaratmır. Sonra dedilər ki, onsuz da televiziyalara baxan yoxdur, hamı sosial şəbəkədən istifadə edir, heç ora çıxmaq onlara lazım deyil.  

Müxalifətin əlində sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi informasiya resurslarının olduğu məlumdur. Ancaq maraqlıdır ki, orada da həmin oriyentasiyada olan partiyaların rəhbərləri monoloq söyləməklə məşğuldurlar. Hətta müxalifətdaxili fikir ayrılığı olan məsələlərdə belə onlar bir araya gəlib hansısa məsələni müzakirə edə bilmirlər. Dəfələrlə şahidi olmuşuq ki, radikalllar bir-birini debata çağırıb, amma son nəticədə bu baş tutmayıb. Axı burada da hakimiyyət yoxdur ki, onlar guya maneə yaradıldığını iddia etsinlər. Məsələn, dəfələrlə Əli Kərimli ilə “Real” partiyasının sədri İlqar Məmmədovun debatını təşkil etməyə çalışıblar, lakin alınmayıb. İndi də hansısa jurnalistlər bu təşəbbüslə onlara müraciət ediblər və sevincək halda məlumat paylaşdılar ki, iki partiya sədri arasında debat təşkil olunacaq. Ancaq İlqar Məmmədov dərhal mövqe bildirdi ki, AXCP seçkiləri boykot edəcəksə, onda belə debat ola bilər. Səbəbini də belə izah etdi ki, onlar arasında ziddiyyətli olan heç bir məsələ yoxdur. Təbii ki, İlqar Məmmədovun bu açıqlamasına debatdan yayınmaqdan başqa ad vermək olmaz. Ancaq bu heç də o anlama gəlmir ki, Əli Kərimli belə debatların tərəfdarıdır. Hətta bəzi iqtidaryönlü, konstruktiv mövqedə olan partiyaların radikallara ünvanladığı debat təklifi də havadan asılmış vəziyyətdə qalır. Yəni radikal dairələr hətta öz nəzarətlərində olan sosial şəbəkələrdəki imkanlar hesabına belə fikir mübadiləsi aparmaqdan yayınırlar. Bunun səbəbini nə ilə izah etmək olar?

  • Samir Adıgözəlli: “Bunun başlıca səbəbini radikal müxalif çevrədəki münasibətlərin antoqonist olması, partiya sədrlərinin həddən artıq avtoritar düşüncəyə malikliyi ilə izah edə bilərəm”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə tendensiya neçə illərdir müşahidə olunur: “Hətta sosial şəbəkələrin olmadığı zamanda belə Əli Kərimli mediaya açıq adam sayılmırdı. O öz nəzarətində olan “Azadlıq” qəzetində digər müxalif partiya sədrləri haqda məlumatların dərc edilməsini istəmirdi. Həmin qəzetdən ən çox da müxalif rəqiblərinə qarşı istifadə edirdi. Radikal dairələrin namizədləri heç parlament və ya prezident seçkiləri zamanı təşkil olunan teledabatlara belə gəlmirdilər. Bunlar ancaq özləri danışıb, özləri eşitməyə öyrəniblər. Debat elədir ki, orada adamın neqativliklərini üzünə deyirlər və ya sənin danışdıqlarına bəzən əks mövqe qoyurlar. Normalda müxalif liderlər buna meylli olmalıdırlar,  bizdə isə qaçırlar. Məsələn, bəzi jurnalistlər deyirlər ki, onlar radikal müxalif partiyaların heç bir funksionerindən münasibət öyrənə bilmirlər. Qarşı tərəf bunun səbəbini əksər media quruluşlarına boykot qoymaları ilə izah edir. Mən başa düşürəm, siyasətçilər belə fərdi qərarlar qəbul edə bilərlər. Amma bunu o jurnalistə qarşı edərlər ki, nə vaxtsa, həmin siyasətçinin fikirlərini təhrif etsin. Bu olmayıbsa, yalnız “bizimlə eyni düşərgədə deyilsən, sənə danışmıram” demək siyasi nəzakətsizlikdir. Bunun başlıca səbəbini radikal müxalif çevrədəki münasibətlərin antoqonist olması, partiya sədrlərinin həddən artıq avtoritar düşüncəyə malikliyi ilə izah edə bilərəm. Özüm də bir neçə dəfə həmin düşərgədən debata adam çağırmışam, gəlməyib”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …