Dünəndən başlanan yeni tədris ili özü ilə bərabər həm də insanlarımıza yeni sevinclər, arzular, inamlar gətirdi… Həqiqətən də ölkəmizdə uğurla gerçəkləşdirilən təhsil quruculuğunun müasir Azərbaycanın reallığına çevrilməsi hər birimizdə doğma Vətənimizin işıqlı gələcəyinə böyük inam yaradır. Necə ki, bu tədris ilində də istər Bakı şəhərində, istərsə də rayon və kəndlərdə, eləcə də Naxçıvanda ən müasir məktəb binaları istifadəyə verildi. Yeni təhsil ocaqlarında ən müasir texnoloji yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları, elektron tədris vəsaitləri tətbiq edilir ki, səmimi etiraf etsək, dünya ölkələrinin çoxunda bu vəsaitləri hələ də yalnız televizorlarda görürlər…
Etirafdan söz düşmüşkən, fikrimcə, etirafın özü böyük bir mədəniyyət nümunəsidi. Daha doğrusu, etiraf etməyi bacarmaq… O zaman, gəlin təsdiq edək ki, müasir cəmiyyətdə bir çoxumuzun düşüncə tərzi və yaxud, dünya görüşü kəndimizin, şəhərimizin, elə lap məktəbimizin, hətta məhəlləmizin sürətli inkişafı ilə ayaqlaşa bilmir və ya ondan çox geridə qalır. Ona görə ki, 21-ci əsrdə yaşayan bizlər hələ də qurmaqdan çox qırmağa, əkməkdən çox biçməyə, tikməkdən çox sökməyə meyilliyik. Bəzən hər şeyi dövlətdən gözləyirik. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın…
Ən ikrah doğuran cəhətlərimizin başında isə heç şübhəsiz, qonşudan dala qalmamaq “ucalığımız” dayanır. Başımızın doluluğuna görə yox, cibimizin dikliyinə görə lovğalanmaq, beynimizin tutumuna görə yox, maşınımızın markasına görə qürrələnmək, ona-buna rişxənd etmək, kəm görmək bizim köhnə xasiyyətimizdi… Mirzə Cəlilin belə düzəldə bilmədiyi başıbatmış xasiyyətimiz… Əsrlər, illər dəyişir, amma nədənsə biz dəyişə bilmirik. Ya da dəyişmək istəmirik.
Dəyişə bilməməyimizin “nümunələrindən” birini də bu gün səhər müşahidə etdim. Daha doğrusu, 2-3 gündü gözlərimə batır. Uzun sözün qısası, yeni dərs ili ilə əlaqadar kitab, geyim mağazalarında olduğu kimi, gül dükanlarında da xeyli canlanma vardı: Heç kim qonşudan dala qalmırdı… Valideynlər indidən uşaqlarına “alıb-vermək” vərdişlərini əyani göstərirdilər. Hamı alırdı, qazanan isə ancaq gül satanlar idi. Bir nəfər tanışım dedi ki, buketin ən ucuzu 50 manatdan başlayır, 150-200 manata belə buketlər satılır. Normal vaxtda 10-15 manat olan gül buketləri birdənbirə “marsa” qalxmışdı. Əksər valideynlər uşaqlarına, onlar da öz növbəsində müəllimlərinə gül daşıyırdı… Hətta ailə büdcəsinin gəlirləri aylıq 300-350 manat olanlar da… Sanki ikinci bir 8 Mart “faciəsi” yaşanırdı.
Bu gün səhər işə gələndə bilirsiniz hansı mənzərəni gördüm?! Gördüm ki, dünən od qiymətinə, böyük həvəslə, sevinclə alınan güllər buket-buket tulantı qutularının içindədi; öz də hələ yarpağı, çiçəyi solmamış (əyani təsəvvür üçün fotosunu da təqdim edirəm). Naxçıvan şəhərinin təmizlik işçiləri səhərin gözü açılmamış maşın-maşın gül gülləyirdilər… “Ey hörmətli güllərin” çoxu və ona verilən pullar bir anın içindəcə beləcə göyə sovrulmuşdu… Lələsi köçmüş, yurdu mələr qalmışdı…
Kiməsə gül almağı, onu sevindirməyi həqiqətən də çox sevən biri olaran mən indi sual vermək istəyirəm:
1. Gülü-çiçəyi, onun mənəvi dəyərini bu qədər ucuzlaşdırmaq nəyə lazımdı?
2. Müəllimə 50-100 manatlıq buket almaq yaxşıdı, yoxsa 10-15 manatlıq dəyərli bir kitab?
3. Bir əsr əvvəl cəmiyyətimizə maarif, təhsil işığı saçan, hətta qızları belə məktəblərə cəlb edib öz pulu hesabına oxudan, Naxçıvanda ilk qız məktəbi açan görkəmli maarifpərvər şəxsiyyət və pedeqoq Məhəmməd Tağı Sidqiyə buket-buket gül daşınırdı?
4. Yoxsa, onun məktəbində yetişib formalaşan görkəmli ziyalılarımız məktəbə “Mercedes-Benz G-klasda gedirdilər?
Və bir də unutmayaq ki, müəllimə heç bir fəxri adın verilmədiyi bir dönəmdə Sidqi öz əzmi və xalqa nümunəvi xidməti ilə “Xalqın müəllimi” kimi onu əbədi yaşadacaq bir ad da qazanmışdı. O heç bir şagirdindən heç nə ummurdu; nə gül, nə çiçək, nə də 1 kilo cəviz… Heç mobil telefonunda vaxtını öldürə-öldürə dərsi boşa verib dərsdən sonra pul müqabilində hazırlıq da keçmirdi…
Nəsə ki, bu mövzu başladısa bitən deyil. Sözümün canı odur ki, gəlin, səhəri gün küllüyə atılan güllərə verdiyimiz pullara öz övladlarımıza 1 nağıl kitabı, onun müəlliminə isə Linkolnun oğlunun müəlliminə yazdığı məktubu hədiyyə edək…
Və bir də heç nəyi israf etməyək. Müqəddəs Qurani-Kərimdə də deyildiyi kimi: “Çox gözəl geyinin, yeyin, için, ancaq israf etməyin”…
P.S. Sadəlik insanın ən ali keyfiyyətidi. Sadə və düşünən olaq!
Boyukmillet.com