Cümə , 22 Noyabr 2024
Drone Cameras

Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, ötən ilin sentyabr ayından start götürmüş “Technest” artıq regionlarda İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır. Layihə çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal müsahibələrə dəvət olunurlar. Bundan başqa, səyyar görüşlər keçirilərək gənclər həm rəqəmsal savadlılıq üzrə maarifləndirilir, həm də sınaq imtahanlarına yönəldilir.

Ötən gün Mingəçevir şəhərində gənclərlə keçirilmiş ilk görüşdə 20 nəfər həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək təqaüd qazanıb. Rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə məhsuldar diskussiyalar aparılıb. Şəhərdə İKT sahəsi üzrə yaradılan innovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunub.

‘’Technest’in rəhbəri Fatimə Ələkbərova bildirib ki, “Rəqəmsal Azərbaycana doğru’’ layihəsini həyata keçirməkdə əsas məqsəd İKT üzrə peşə təhsili almaq istəyən, amma istər maddi istərsə də sosial qayğılara görə bu kimi fürsətlərdən kənarda qalan və ya yeni ixtisas qazanmaq istəyən lakin haradan, necə başlamağı bilməyən, o cümlədən peşəkar mentorlar olaraq yetişmək və ucqarlarda tədrisə təkan vermək istəyən gəncləri bir araya gətirmək, onlara müvafiq dəstəyi göstərməkdir. Əsas hədəfimiz Azərbaycanda gənclər arasında kütləvi maarifləndirmə kampaniyaları aparmaq və ölkədə İKT üzrə ixtisaslaşmış kadr bankasını yaratmaqdır’’

’Technest’’ çərçivəsində 600-dən çox təqaüdçü məzun olub, onlardan 200 nəfəri tədris müddətində aparıcı şirkətlərdə işlə təmin olunublar. Proqram çərçivəsində 2023-cü ilin sonuna kimi daha 2000 gəncə təqaüd ayrılması nəzərdə tutulur. Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə İKT üzrə ixtisalaşmış 12 aparıcı təlim mərkəzi ilə əməkdaşlıq edir.

Check Also

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl …