Azərbaycanda vergi qanunvericiliyinin tamamilə yeni struktur əsasında qurulması nəzərdə tutulur.
Bu barədə “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
S. Musayeva bildirib ki, yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi şirkət dəvət edilib:
“Qanunvericiliyin həm mahiyyət etibarilə, həm də də struktur olaraq dəyişilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyinin əlçatan, sadə və stabil olması bizim əsas hədəflərimizdəndir. Buna görə də qanunvericilik illər ərzində mahiyyət etibarilə təkmilləşdirilsə də, struktur olaraq həm də biznesin daha sadə şəkildə vergi qanunvericiliyini mənimsəyə bilməsi üçün yenidən baxışa ehtiyacı var idi”.
Dövlət Vergi Xidmətinin rəis müavini əlavə edib ki, bu, bir geniş layihədir və nə vaxt yekunlaşacağını indidən tam dəqiq demək olmaz.
Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci il yanvarın 1-dən qüvvəyə minib və hər il sənədə dəyişikliklər edilir.