Liviyada hökumətə qarşı hərbi qiyama başlamış ABŞ dəstəkli general Hafterin sözçüsü Əhməd Buzeyd əl-Mismari Türkiyəni düşmən elan etdiklərini açıqlayıb.
boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Liviyanın bir hissəsini ələ keçirən Hafterin sözçüsü Mismari ölkənin su sərhədlərinə yaxınlaşan Türkiyə gəmilərinin hədəfə alınması istiqamətində göstəriş verdiklərini, ölkədəki Türkiyə hədəflərinin vurulacağını açıqlayıb.
Mismari Liviyadakı Türkiyə şirkətlərinin də ölkədən çıxarılacağını qeyd edib. Hafter gücləri Liviyanın paytaxtını işğal etməyə çalışmış, lakin paytaxta yaxın Giryan şəhərində məğlubiyyətə uğrayaraq geri çəkilmişdilər. Qiyamçı general hesab edir ki, Giryan məğlubiyyətinin səbəbi məhz Türkiyənin Liviya Milli Anlaşma Hökümətinə verdiyi dəstəkdir.
Açıqlamadan iki gün sonra, Hafter gücləri Liviyada işləyən 6 Türkiyə vətəndaşını girov götürüb.
Liviyada Milli Anlaşma Hökumətinin Rəhbərlik Şurası isə Hafter qüvvələrinin Türkiyəyə yönəlik təhdidlərini pisləyib.
Milli Anlaşma Hökumətinin yaydığı yazılı açıqlamada Türkiyə təyyarələri və gəmilərinə, eyni zamanda vətəndaşlarına ziyan dəyəcəyi halda məsuliyyətin Hafter qüvvələrinin üzərinə düşəcəyi bildirilib.
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar isə Hafter güclərinin ağır bədəl ödəyəcəklərini deyib:
“Bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verməyə davam edərkən Türkiyəyə qarşı bəslənən düşmən mövqe və ya hücumların bədəli çox ağır olacaq. Türkiyəyə yönəldiləcək hər cür təhdid və düşmənçilik hərəkətlərə qarşı tədbirimizin olduğu bilinməlidir.”
Türkiyə xarici işlər nazirliyi isə yaydığı açıqlamada qiyamçı Hafteri 6 Türkiyə vətəndaşını azad etməyə çağırıb.
“Liviyada Hafterə bağlı qeyri-qanuni qüvvələr tərəfindən altı vətəndaşımızın saxlanılması quldurluq və piratlıqdır.. Vətəndaşlarımızın dərhal sərbəst buraxılmalarını gözləyirik. Əks təqdirdə Hafter ünsürləri qanuni hədəf halına gələcəkdir”- Türkiyə XİN-in açıqlamasında belə deyilir.
Xatırladaq ki, ABŞ dəstəkli general Hafter Liviya hökumətini tanımadığını bildirərək ötən ayın əvvəlindən etibarən hərbi qiyam qaldırıb. BMT-nin hesablamalarına görə, hökumət qüvvələri ilə Hafter gücləri arasındakı silahlı qarıdurmada bu anadək 650-dən artıq insan öldürülüb.