Cümə axşamı , 30 Yanvar 2025
Drone Cameras

ABŞ hökuməti qrant və kreditləri dayandırır

Bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri dayandırmalıdır

ABŞ hökumətinin Büdcə Ofisi bütün federal qrant və kreditlərin dayandırılmasını əmr edib.

Bu məlumatı “CNN” Ağ Evin daxili memorandumuna istinadən yayıb.

Sənəddə qeyd olunur ki, bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri müvəqqəti dayandırmalıdır.

Qərar yeni qrantların verilməsinə də şamil edilir.

Sənədə əsasən, sərəncam yanvarın 28-də yerli vaxtla saat 17:00-da qüvvəyə minir və trilyonlarla dollar dəyərində məbləğlərə təsir edə bilər.

Nəşr qeyd edir ki, bu, Prezident Donald Tramp administrasiyasının federal maliyyələşdirməyə nəzarəti gücləndirmək tədbirlərinin bir hissəsidir.

Büdcə İdarəsinin direktoru vəzifəsini icra edən Metyu Vet deyib ki, müvəqqəti fasilə hökumətə proqramları yenidən nəzərdən keçirməyə və Prezidentin prioritetlərinə uyğun olaraq vəsaitdən istifadənin effektiv yollarını müəyyən etməyə imkan verəcək.

Dondurma beynəlxalq yardım proqramları, QHT fəaliyyətləri, “DEI” (müxtəliflik, bərabərlik və inklüzivlik) layihələri, gender ideologiyası və “Yaşıl Sövdələşmə”nin maliyyələşdirilməsi də daxil olmaqla əlavə təşəbbüslərə də aiddir.

Prezidentliyinin ilk mərhələsində Donald Tramp bütün xarici yardım proqramlarını üç ay müddətinə dayandırmaq qərarına gəlib.

Yanvarın 24-də ABŞ dövlət katibi Marko Rubio xarici yardım proqramlarının əksəriyyətinin 90 gün müddətinə dayandırıldığını açıqlayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dünya üzrə bütün layihələri də müvəqqəti olaraq dayandırılıb.

Check Also

Vaşinqtonda sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

Təyyarədə 60 sərnişin və dörd heyət üzvü, helikopterdə isə üç hərbçinin olduğu bildirilib Vaşinqton şəhər …