“Ukraynanın əks-hücumu marionet qüvvələrdə panikaya səbəb olub”.
Boyukmillet.com xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) Rusiyaya birləşmə ilə bağlı referendum keçirmə çağırışlarını təhlil edərkən gəliblər.
Bir gün öncə qondarma respublikaların “ictimai palataları” öz rəhbərliyini dərhal “DXR” və “LXR”nin Rusiyanın subyektləri kimi tanınması ilə bağlı referendum keçirməyə çağırıblar.
Rusiyalı təbliğatçı və RT-nin baş redaktoru Marqarita Simonyan bu təklifə şövqlə hay verib və bunu “Krım ssenarisi” adlandırıb. Kremlin təbliğatçısı tviter hesabında yazıb ki, ələ keçirilmiş torpaqları Rusiya ərazisi kimi tanımaqla Moskvanın NATO-nu Ukraynanın əks-hücumlarına cavab zərbələri ilə hədələməsi daha asan olacaq və “hər baxımdan” Rusiyaya sərbəstlik verəcək.
Lakin Müharibə Araşdırmaları İnstitutu bu yanaşmanı ziddiyyətli adlandırır. Ekspertlər qeyd ediblər ki, Rusiya qüvvələri Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etmir. Beləliklə, bu, Kremlin qanuni Ukrayna hakimiyyətinin qismən “işğal etdiyi” ərazilərin ilhaqına gətirib çıxaracaq. Bundan əlavə, Ukraynanın ilhaq edilmiş Krım yarımadasına zərbələr endirməsi də Rusiyanın M.Simonyanın inandırmağa çalışdığı avtomatik qisas əməliyyatlarına gətirib çıxarmır.
Bu mərhələdə qismən ilhaq həm də Kremli qəribə və hətta alçaldıcı vəziyyətə salacaq ki, Ukrayna qoşunlarından “Rusiya” ərazisini işğal etməməyi tələb etsin (Rusiyanın bu tələbi yerinə yetirməyə məcbur edə bilməyəcəyi bir vəziyyətdə).
Mütəxəssislərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin şübhəli mənfəət naminə özünü belə ümidsiz vəziyyətə salmağa hazır olub-olmaması hələ də qeyri-müəyyən olaraq qalır. Onların qənaətinə görə, V.Putin üçün NATO və Ukraynanı münaqişənin daha da alovlanması ilə sadəcə təhdid etmək daha asandır ki, indiki mərhələdə o, çətin ki buna gedəcək.
Araşdırma müəllifləri hesab edirlər ki, Kreml qismən ilhaqın həm Rusiya daxilində, həm də yeni ilhaq edilmiş Ukrayna ərazisindən əlavə qüvvələrin cəlb edilməsinə səbəb ola biləcəyinə inanır. Rusiya qüvvələri ciddi şəkildə zəifləmiş və ruhdan düşmüş hissələrini doldurmaq üçün bütün mümkün mənbələrdən əlavə qüvvələr səfərbər etməyə çalışsa da, onlarda əhəmiyyətli döyüş qüvvəsi formalaşdırmaq alınmayıb.
Bu ilhaq müzakirələrində Kremlin saxta referendumlar keçirməyi planlaşdırdığı Rusiyanın işğal etdiyi Ukraynanın digər əraziləri qeyd olunmur.
Mütəxəssislərin fikrincə, V.Putinin bütün işğal edilmiş ərazilərin ilhaqı vədindən vaz keçməyə hazır olması onun üçün güzəştə getməyən hərbiyönlü qrupların gözündə ciddi geri çəkilmə ola bilərdi.
Eyni zamanda ekspertlər xatırladırlar ki, “DXR” və “LXR” daha əvvəl də Kremlin planlarını “qabaqlayıblar”. Ola bilsin qondarma respublikalar bu dəfə də Ukraynanın uğurlu və davamlı əks-hücumları fonunda öz ərazilərini əldə saxlaması üçün eynisini ediblər.