Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb

“ABŞ İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”.

Boyukmillet.com “İran İnernational”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Albaniya polisinin “Əşrəf 3” düşərgəsinə hücumunu şərh edərkən deyib.

O bildirib ki, rəsmi Vaşinqton Albaniya hökumətinin ölkə ərazisində hər hansı qanunsuz fəaliyyəti araşdırmaq hüququnu tanıyır.

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti Xalq Mücahidləri Təşkilatına heç bir maliyyə dəstəyi vermir və onların üzvlərini təlimatlandırmır, habelə bu qurumla xüsusi əlaqəsi yoxdur: “Mücahidlərlə yalnız köçürülərkən (İraqdakı düşərgədən köçürülməni nəzərdə tutur-red.) əlaqə olub. Bu da 2016-cı ildə başa çatıb”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Xalq Mücahidləri Təşkilatının üzvlərinin hüquqlarını pozan hərəkətlərlə bağlı ciddi narahat olduqlarını da vurğulayıb.

Xalq Mücahidləri Təşkilatının liderliyi ilə qurulan Milli Müqavimət Şurası Albaniya polisinin düşərgəyə hücumunu pisləyən bəyanat yayıb. Bildirilib ki, iyunun 20-də 1000-ə yaxın alban polisi İran hakimiyyətinin tələbi ilə ”Əşrəf 3” düşərgəsinin sakinlərinə gözyaşardıcı qazla hücum edib. Hadisə nəticəsində təşkilatın Əli Manşerari adlı üzvü öldürülüb.

Bəyanatda qeyd olunub ki, təşkilatın bir neçə üzvü də gözyaşardıcı qazdan zəhərlənərək xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Milli Müqavimət Şurası BMT, ABŞ və Avropa İttifaqını məsələyə müdaxilə etməyə çağırıb.

Xatırladaq ki, Xalq Mücahidləri Təşkilatı İrandakı rejimə qarşı siyasi-hərbi yolla mübarizə aparır. ABŞ və koalsiya qüvvələri İraqda hərbi əməliyyat başlayandan sonra mücahidlər ölkədən çıxarılaraq Albaniya ərazisində yerləşdirilib.

Bir müddət əvvəl isə Milli Müqavimət Şurası Parisdə illik iclas keçirmək istəyib. Amma Fransa polisi buna razılıq verməyib. Təşkilat bunu tənqid edib və İranda hakim dini faşizmin şantajının qurbanı və girovu olmaq kimi qiymətləndirilib.

Qeyd edək ki, şura iyulun 1-də Parisdə “Azad İran!” şüarı altında yürüş keçirmək üçün Fransanın uyğun dövlət qurumuna müraciət etmişdi. İyunun 18-də Fransa hökuməti hücum riski səbəbindən Müqavimət Milli Şurasının mitinqini də qadağan edib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …