“Qərb ölkələri Ukraynaya qarşı hücum ediləcəyi təqdirdə ixraca nəzarət və maliyyə sahəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, həmçinin “Şimal axını 2” qaz kəmərinin işə başlamasına mane olacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
“ABŞ və dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız güclü ixraca nəzarət sanksiyaları tətbiq etməyə hazırdırlar. Biz onların ən böyük və ən mühüm maliyyə institutlarına və əsas sənayelərinə güclü təzyiq göstərəcəyik. Rusiya addım atarsa, biz dərhal bu tədbirləri aktivləşdirməyə hazırıq. Rusiyadan Almaniyaya təbii qaz nəql edəcək “Şimal axını 2” qaz kəmərinə gəlincə, əgər Rusiya Ukraynaya növbəti müdaxilə etsə, bu, baş verməyəcək”, – Ağ Ev rəhbəri bildirib.
Amerika lideri etiraf edib ki, Qərbin Rusiyaya qarşı mümkün yeni sanksiyaları ABŞ-a zərbə vura və yanacağın bahalaşmasına səbəb ola bilər:
“Zərər verməyəcəyini iddia etməyəcəyəm. Bu, enerji sektorunda qiymətlərə təsir edə bilər. Beləliklə, biz ən böyük enerji təchizatçıları və istehlakçılarla koordinasiya edərək, enerji bazarlarımıza təzyiqi azaltmaq və artan qiymətlərə qarşı mübarizə aparmaq üçün fəal addımlar atırıq”.