Cümə , 7 Fevral 2025
Drone Cameras

ABŞ müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır

Keyt Kelloq indiyədək Rusiyaya tətbiq edilmiş məhdudiyyətləri on ballıq şkala üzrə üç kimi qiymətləndirib

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ABŞ-nin müharibəni sonlandırmaq üçün Rusiyaya sanksiyalar təzyiqini artırmağa hazır olduğunu deyib.

Kelloqun sözlərinə görə, indiki mərhələdə Rusiya hakimiyyəti döyüşləri bitirməkdə çox da həvəsli deyil. Hətta böyük itkilər onları qorxutmur.

Onun fikrincə, müharibəni daha tez bitirmək üçün Rusiya təkcə iqtisadi deyil, həm də hərbi və diplomatik təzyiqlərə məruz qalmalıdır.

Xüsusi nümayəndə indiyədək Rusiyaya tətbiq edilmiş məhdudiyyətləri on ballıq şkala üzrə üç kimi qiymətləndirib. Deyib ki, sanksiyalar Rusiya neftinin hasilatı və ixracı ilə bağlı sərtləşdirilə bilər.

Xüsusi nümayəndə Bayden adminstrasiyasını səriştəsizlikdə ittiham edib. Bildirib ki, onlar Ukraynaya yalnız lazım olduğu qədər kömək edəcəklərini vəd ediblər. Amma lazımi vaxtda zəruri silahla təmin etməyiblər, həmçinin Rusiyaya qarşı təzyiqi artırmayıblar.

Kelloq Trampın Ukraynada döyüşlərə son qoymağın yolunu tapacağına əminliyini ifadə edib.

Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymağı prezidentlik platformasının əsas məqamlarından biri adlandırıb.

Mənbələr Kelloqun fevralın 14-dən 16-dək Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ Prezidentinin müharibəyə son qoymaq planını təqdim edəcəyini gözləyirdilər.

Bununla belə, Kelloq planın Trampın özü tərəfindən təqdim ediləcəyini və yaxın günlərdə baş verməyəcəyini bildirib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

 2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

 2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Check Also

Trampın göstərişi ilə KİV-lərlə bütün müqavilələr ləğv ediləcək

ABŞ federal hökumətinin əsas funksiyalarının idarə edilməsi və dəstəklənməsi ilə məşğul olan Ümumi Xidmətlər Administrasiyası …