ABŞ Trampın birinci prezidentlik müddətində də Şuradan çıxmışdı
ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (UNHRC) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə fərman imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“ABŞ İkinci Dünya müharibəsindən sonra gələcək qlobal münaqişələrin qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyin təşviqi məqsədilə BMT-nin yaradılmasına kömək edib. Lakin bəzi BMT agentlikləri bu missiyadan uzaqlaşaraq, əksinə, Birləşmiş Ştatların maraqlarına zidd hərəkət edir, müttəfiqlərimizi hədəf alır və antisemitizmi təbliğ edir”, – sənəddə deyilir.
ABŞ Trampın birinci prezidentlik müddətində də BMT-nin İnsan Hüquqları Şurasından çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli yanaşmaqda və insan hüquqlarını pozan hökumətləri müdafiə etməkdə günahlandırır.
Yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak bildirib ki, ABŞ-nin BMT qarşısında ümumi borcu 2,8 milyard dollara çatıb.
2024-cü il oktyabrın 28-də İsrail Knesseti (birpalatalı parlament) ölkədə UNRWA-nın fəaliyyətinin qadağan olunması ilə bağlı qanun qəbul edib.
İsrail BMT İnsan Hüquqları Şurası (UNHRC) və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyini (UNRWA) İsrailə qarşı mənfi mövqedə və antisemitizmlə ittiham edir.