Çərşənbə axşamı , 24 Dekabr 2024
Drone Cameras

ABŞ Rusiyaya yeni sanksiyaları planlayır: “Baydenin Putinə vida zərbəsi”

Sanksiyalar Rusiya neftinin ixracatçılarına şamil edilə bilər

ABŞ Prezidenti Co Bayden prezidentliyinin son həftələrində Rusiyanın enerji sektoruna yeni sanksiyalar tətbiq etməyi düşünür.

Bu barədə “The Washington Post” dörd mənbəsinə istinadla yazır.

Nəşr mümkün sanksiyaları “Baydenin Putinə vida zərbəsi” adlandırıb.

Mənbələrin sözlərinə görə, yeni tədbirlər Rusiyanın kölgə donanması adlanan hissəsinə – sanksiyalardan yan keçməklə Rusiya neftini daşıyan beynəlxalq gəmilərə qarşı yönələ bilər.

Məhdudiyyətlər əvvəllər sanksiyalara məruz qalmayan Rusiya neftinin ixracatçılarına şamil edilə bilər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, banklara Rusiyanın enerji resursları üçün ödənişləri emal etməyə imkan verən lisenziyaların ləğvi imkanları nəzərdən keçirilir.

Mənbələr qeyd ediblər ki, sanksiyaların tətbiqi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasına Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar zamanı Vladimir Putinə daha çox təsir rıçaqları verəcək.

ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, bu tədbirlər Ukraynanı özünü müdafiə etmək və “ədalətli” şərtlərlə sülh danışıqları aparmaq üçün “mümkün olan ən yaxşı mövqeyə” qoyacaq.

İlk dəfə dekabrın 11-də “Bloomberg” ABŞ-nin Rusiya neft ticarətini hədəf alan sanksiyaları nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Agentlik mənbələrinin məlumatına görə, Baydenin komandası Rusiya neftinin müəyyən növlərinin ixracına məhdudiyyətlər, eləcə də neftin daşınması ilə məşğul olan kölgə donanmasına qarşı sanksiyalar üzərində işləyir.

2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ hakimiyyəti Rusiya bankları, müdafiə, sənaye müəssisələri və digər şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

“The Washington Post” yazır ki, müharibə başlayandan bəri Co Bayden administrasiyası Rusiyanın enerji ixracına ciddi təsir göstərməkdən ehtiyatlanır.

Buna səbəb isə  neftin qiymətinin kəskin artmasıdır.

Nəşr yazır ki, neft və qaz satışı Rusiya büdcəsinin bütün gəlirlərinin üçdə birini təşkil edir.

Amerikanın “S&P Global” korporasiyası 2024-cü ilin yanvar ayındakı hesabatında bildirib ki, Rusiya 2023-cü ildə enerji resurslarının satışından təxminən 100 milyard dollar gəlir əldə edib.

Avropa İttifaqı dekabrın 16-da Rusiyaya qarşı elan etdiyi 15-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın kölgə donanması ilə əlaqəli gəmiçilik şirkətlərinə, habelə Rusiya neftini daşıyan üçüncü ölkələrdən gələn 52 tankerə məhdudiyyətlər qoyub.

Check Also

ABŞ-yə uçuşlar dayandırılıb

“American Airlines” səbəbi “texniki nasazlıq”la əlaqələndirib Amerikanın ən böyük hava yolu şirkəti “American Airlines” “texniki …