Mark Rubio bildirib ki, USAİD proqramlarının qalanı ABŞ Dövlət Departamenti tərəfindən daha effektiv idarə olunacaq
ABŞ USAID-in proqramlarının 83%-ni ləğv edir.
ABŞ dövlət katibi Marko Rubio bu barədə “X” səhifəsində məlumat verib.
“6 həftəlik araşdırmadan sonra biz USAID-dəki proqramların 83%-ni rəsmi olaraq ləğv edirik. Agentlik indi ləğv edilən 5200 müqavilə on milyardlarla dolları ABŞ-nin milli maraqlarına xidmət etməyən (və bəzi hallarda hətta zərər vuran) yollara xərcləyib”, – Rubio qeyd edib.
O əlavə edib ki, USAİD proqramlarının qalan 18%-i (dövlət katibi postunda 18 % yazıb, bəlkə də o, 17% nəzərdə tutub-Meydan TV-nin qeydi.), yəni 1000-ə yaxın müqavilə indi ABŞ Dövlət Departamenti tərəfindən daha effektiv idarə olunacaq.
Dövlət katibi prosesdə iştirak edən İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) təşəkkür edib.
ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günlərində agentliyin proqramlarının “Amerika dəyərlərinə” və ABŞ-nin xarici siyasət məqsədlərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq məqsədilə USAID-in xarici yardımını 90 gün müddətinə dondurmuşdu.
Məhkəmə sənədləri göstərir ki, Tramp administrasiyası USAİD-in ödənişlərinin 90%-nin dayandırılmasını əmr edib. USAİD rəhbərliyi ABŞ Dövlət Departamentinin nəzarətinə keçib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradılıb. Agentliyin xarici yardım büdcəsi 2025-ci ildə 42,8 milyard dollar olmalı idi. Agentlik, xüsusilə, bütün dünyada bir çox humanitar proqramları maliyyələşdirir.