Müxalifət hesab edir ki, saziş rus şirkətlərinə Qara dəniz sahilində daşınmaz əmlak almağa imkan verəcək
Gürcüstanın separatçı Abxaziya bölgəsinin parlamenti Rusiyanın investisiyalara dair sazişinin ratifikasiyasının əleyhinə səs verib.
21 deputat sənədin ratifikasiyasının əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.
Ümumilikdə parlamentin iclasında 35 deputatdan 23-ü iştirak edib.
Müxalifət liderləri zəngin rus şirkətlərinə və fərdlərinə cəlbedici Qara dəniz sahilində torpaq və daşınmaz əmlak almağa imkan verəcəyindən ehtiyat edərək razılaşmaya qarşı çıxıblar.
Rusiya sərmayəsinə dair saziş oktyabrın 30-da Moskvada iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Abxaziyanın iqtisadiyyat naziri Kristina Özqan tərəfindən imzalanıb.
Abxaz hakimiyyəti vurğulayıb ki, saziş Rusiya sərmayəsini respublika iqtisadiyyatına, xüsusən də kənd təsərrüfatı, istehsalat və turizmə cəlb etmək məqsədi daşıyır.
Qaz, su təchizatı və nəqliyyat da daxil olmaqla infrastrukturun inkişafı da nəzərdə tutulub.
Noyabrın 15-də Moskvanın dəstəklədiyi bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlament və prezident administrasiyasına basqın ediblər.
İzdiham Moskva ilə qalmaqallı sərmayə sazişinin ləğvinə çalışıb.
Noyabrın 19-da Gürcüstanda separatçı Abxaziyanın “Prezidenti” Aslan Bjaniya və “Baş naziri” Aleksandr Ankvab davam edən etirazlar fonunda istefa verib.
Abxaziya Gürcüstandan nə vaxt ayrılıb?
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrıldığını elan edib.
Bu, Sovet İttifaqının dağıldığı ərəfəyə təsadüf edib.
Gürcüstan separatçı rejimləri tanımadığını bəyan etsə də, Rusiya 2008-ci ildə beşgünlük müharibədən sonra iki separatçı bölgənin müstəqilliyini tanıyıb.
Dünyanın əksər ölkələri Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır.
Hazırda Abxaziyanın iqtisadiyyatı Moskvadan asılıdır.
Burada “dövlət rəsmiləri”nin maaşları, sakinlərin sosial ödənişləri Rusiya tərəfindən ödənilir.
2014-cü idə bölgənin şərqində yaşayan gürcülərə Abxaziya “pasport”ları verən “Prezident” Aleksandr Ankvab etirazlar fonunda istefa vermişdi.
2020-ci ildə separatçıların Ali Məhkəməsi 2019-cu il prezident seçkilərinin nəticələrini ləğv edəndən sonra o vaxtkı “Prezident” Raul Xacimba da vəzifəsini tərk edib.