Ağdam rayonunun Əhmədağalı kəndində əsaslı təmir olunan uşaq bağçası balacaların istifadəsinə verilib.
BOYUKMİLLET.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur.
Diqqətə çatdırılıb ki, ötən əsrin 60-cı illərində Əhmədağalı kəndində inşa edilmiş 55 yerlik uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Bağçada əsaslı təmir işlərinə bu ilin oktyabr ayında başlanılıb.
Tədbirdə çıxış edən kənd sakinləri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın təmirində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara hədiyyələr veriblər. Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. Rayonun daxili imkanları hesabına əsaslı təmir olunan uşaq bağçası bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Binada yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.