Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Fevralın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra xarici ölkələrin Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri və digər şəxslər iştirak edirlər.

Əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayev konfrans iştirakçılarını salamlayıb, ölkəmizə təşrif buyurduqları üçün qonaqlara və həmkarlarına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq konfransın iştirakçılarına müraciətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli oxuyub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Lirinin konfrans iştirakçılarına videomüraciəti göstərilib.

Konfransda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev “Azərbaycan Respublikası Ali Məhkəməsinin keçdiyi tarixi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır.

Ali Məhkəmənin yaradılması tarixi haqqında danışan Ramiz Rzayev bildirib ki, Azərbaycan dövləti müstəqilliyinin bərpasından sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılıb. Respublikamız ikinci dəfə 1991-ci ildə müstəqillik əldə edənə kimi məhkəmə quruluşu dəfələrlə dəyişilsə də, Azərbaycan SSR Ali Məhkəməsi ölkənin Ali Məhkəmə orqanı kimi mövcud olub. Yetmiş il davam edən sovet dövrü ərzində Ali Məhkəmə dövrün şərtləri çərçivəsində ölkəmizdə məhkəmə fəaliyyətinin və hüququn inkişafına yönəlmiş fəaliyyət göstərib.

Ramiz Rzayev vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunub. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.

“Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını isə biz ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması, bu sahədə yeni yol xəritəsi kimi qəbul edirik. İslahatların yeni mərhələsinin hədəfləri isə belə müəyyənləşdirilib – müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət etmə imkanları daha da genişləndirilməli, onların fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının səmərəliliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”, – deyə Ali Məhkəmənin sədri qeyd edib.

Diqqətə çatdırıb ki, məhkəmə praktikasının vahidliyinin və ardıcıllığının təmin edilməsinin hər bir ölkənin hüquq sistemi üçün böyük əhəmiyyəti vardır. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq olunmasının təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin müəyyənləşməsini təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir. Bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Odur ki, nəinki hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Yəni vətəndaşa hüquq tətbiq edənin hərəkətlərinin müəyyənləşəcəyinə dair əminlik verilməlidir.

Sonra konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Baş prokuror Kamran Əliyev çıxış edərək Ali Məhkəmənin keçdiyi tarixi inkişaf yolundan, məhkəmə-hüquq sahəsində əldə olunan nailiyyətlərdən danışıblar. Sonda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni məhkmə hüquq sisteminin inkişafında göstərdiyi xidmətlərinə görə Ali Məhkəmənin sədri Ramiz Rzayevə plaket təqdim edib.  

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …