Milli Məclisin növbədənkənar sessiyasının hazırda davam edən iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub.
Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. “Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək – yəni 2475 manat.
Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı da veriləcək. Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”.
Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar.
Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.
Dəyişikliklər səsə qoyularaq, yekdilliklə qəbul edildi.