Bu ilin son altı ayı ərzində Almaniyaya qanunsuz yollarla daxil olan 13 Azərbaycan Respublikası vətəndaşı ilə bağlı qanunu tədbirlər görüləcək.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu ilin son altı ayı ərzində qonşu ölkələrdən Almaniyaya qanunsuz olaraq daxil olan 13 Azərbaycan Respublikası vətəndaşının əksəriyyəti ağır tonnajlı yük avtomobillərinin saxlanc yerlərində gizlənərək ölkəyə daxil olublar. Polis reydi zamanı saxlanılan şəxslər müvafiq miqrasiya idarələrinə təhvil veriliblər.
Federal nazirlikdən bildirilib ki, həmin şəxslər barəsində ölkə sərhədlərini qanunsuz keçdikləri üçün tədbir görüləcək.
Almaniyada gündəlik nəşr olunan “Bild” qəzetinin məlumatına görə, hər gün 1500-ə yaxın miqrant qanunsuz olaraq ölkəyə daxil olur. Onlar əsasən, Suriya, Əfqanıstan və Şimali Afrika respublikalarının vətəndaşlarıdır.
Qəzet iddia edir ki, qonşu İsveçrə miqrantları Almaniyaya yönəldir.