Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AMEA-nın Tarix İnstitutunun keçmiş rəhbərliyinin yaman günə qoyduğu 7 cildlik tariximizə yenidən baxış…

Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra milli tarixşünaslığımızın qarşısında tamamilə yeni vəzifələr dayandı. Milli tariximiz olduğu kimi yazılmalı, bütün saxtakarlıqlardan, bolşevik ideologiyasının zərərli təsirlərindən təmizlənməli, bütün gerçəklikləri əks etdirməli idi.

Təbii ki, bu prosesin başında Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu dayanmalı və bu elmi-tədqiqat institutu gerçək tariximizin yazılmasında mühüm rol oynamalı idi. İnsaf naminə deyək ki, bu istiqamətdə xeyli iş görüldü, amma görülməli olan saysız iş də qaldı ki, onlar hələ də yazılacağı günü gözləyir.

Gerçəklik odur ki, indiyə qədər bizə milli tariximiz lazımi şəkildə çatdırıla bilməyib. Ekspertlər dəfələrlə qeyd ediblər ki, yazılan kitablarda, çap olunan tədqiqat materiallarında kifayət qədər qüsur var və hətta burada milli dövlətçilik ideologiyamızla səsləşməyən amillər də mövcuddur. Son illər Azərbaycan tarixi ilə bağlı nəşr edilən bir sıra kitablarda, o cümlədən də tarix dərsliklərində bu kimi qüsurların olduğu gizlin deyil. Oxucularımız yaxşı bilirlər ki, biz bu məsələni ayrı-ayrı vaxtlarda gündəmə gətirmişik, ekspertlərin rəylərini öyrənmişik. Əlbəttə, ölkəmizin ali məktəblərində, elmi müəssisələrində çalışan, tədqiqatla məşğul olan hər bir alimin yazdığı əsərlər Tarix İnstitutunun ciddi nəzarətində olmalıdır ki, o əsərlər çap olunmamışdan əvvvəl oradakı qüsurlar aradan qaldırılsın, bütün faktlar, hadisələr saxtalaşdırılmadan təqdim edilsin. Çox təəssüf ki, nəzarətsizlikdən tariximizi saxtalaşdırmağa cəhd göstərənlər də az deyil.

Ölkə başçısı İlham Əliyev “bizə saxta tarix lazım deyil” fikrini səsləndirərkən, əslində, tariximizi saxtalaşdıranlara bir mesaj verib ki, bu əməllərinizdən əl çəkin, xalqın, dövlətin gerçək tarixini yazın.

Uzun illər Tarix İnstitutuna akademik Yaqub Mahmudov rəhbərlik edib. Bir neçə gün əvvəl Y.Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib və onun yerinə tanınmış tarixçi-alim, professor Kərim Şükürov təyin edilib. 

Məlumatlara görə, artıq Y.Mahmudov AMEA prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Y.Mahmudovun rəhbərliyi dövründə Tarix İnstitutunda hazırlanan kitablarda xeyli qüsur olduğunu dəfələrlə tarixçi-alimlər qeyd etsələr də, Tarix İnstitutu deyilənləri təkzib edib və tariximizin olduğu kimi yazıldığı deyib. 

Biz Tarix İnstitutunun, tarixşünaslığımızın mövcud vəziyyətini gündəmə gətirməklə heç də onların indiyə qədər gördükləri işlərin üstündən xətt çəkmək niyyəti güdmürük. Müsbət işlər də görülüb, xüsusən də deportasiya və soyqırım tariximizlə bağlı işləri təqdir edirik.

Amma 7 cildlik Azərbaycan tarixindəki qüsurları da qeyd etməyə bilmirik. Ekspertlər də dönə-dönə qeyd ediblər ki, 7 cildlik Azərbaycan tarixi şikəst edilib.

Qeyd edək ki, 7 cildlik Azərbaycan tarixi AMEA-nın Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilib və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edib. Gözlənirdi ki, 7 cildlik Azərbaycan tarixi Yaqub Mahmudovun rəhbərliyi dövründə çap edilərkən bütün qüsurlardan təmizləndikdən sonra nəşr ediləcək, amma bu baş vermədi. 

Bu gün Tarix İnstitutunun qarşısında duran əsas vəzifələrdən biri həm bu cildliyin qüsurlarını düzəldib onu yenidən çap etmək, həm də  indiyə qədər  tariximizin yazılmasında yol verilən saxtakarlıqları düzəltmək, tariximizin durulaşmasını təmin etməkdir.

Ekspertlər qeyd edirlər ki, 7 cildlik Azərbaycan tarixində o qədər ideoloji cəhətdən zərərli məsələ var ki, bu qüsurlara Tarix İnstitutunun keçmiş rəhbərlikləri göz yumub.

  • Faiq Ələkbərli: “Təəssüf doğuran hal o idi ki, Yaqub müəllimin dövründə

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Tarix İnstitutunun qarşısında yeni vəzifələr durur. “Şübhəsiz ki, Tarix İnstitutunun indiyə qədər gördüyü müsbət işləri də dəyərləndirməliyik. Deyərdim ki, Y.Mahmudov Tarix İnstitutunun direktoru olduğu dövrdə də çox mühüm işlər görülüb. Xüsusən də tarixi hadisələrə milli ruhda baxış olub, sovet metodologiyasından uzaqlaşmaq baş verib. Bu istiqmatdə xeyli iş görüldü. Düzdür, burada hələ İqrar Əliyevin dövründə nəşr olunan 7 cildlik Azərbaycan tarixinin 6 cildi məhz Yaqub müəllimin dövründə yenidən təkrar nəşr olundu. Sadəcə, təəssüf doğuran o oldu ki, İqrar Əliyevin Tarix İnstitutuna rəhbərlik etdiyi dövrdə  6 cildlik var idi, həmin 6 cildlikdə də, şübhəsiz, Azərbaycan türklərinin, Azərbaycan xalqının ən qədim dövrdən müasir dövrünə qədər olan tarixinin yazılmasında çox ciddi problemlər, qüsurlar vardı. Burada istər qədim dövr olsun, istər orta əsrlər, istərsə də XVIII, XIX, XX əsrlər Azərbaycan xalqının tarixinə zidd olan məqamlar var. Səfəvilərə, Əfşarlara, Qacarlara olan münasibət qəbuledilməzdir. Xüsusən o cildlərdə Şah Abbasın, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, Abbas Mirzənin “işğalçı” kimi qələmə verilməsi qəbuledilməz hal idi. Yəni təəssüf doğuran hal o idi ki, Yaqub müəllimin dövründə o cildliklərdəki qüsurlar aradan qaldırılmadan təkrar latın qrafikası ilə çap olundu. Bu cildliklər latın qrafikası ilə nəşr olunarkən də orada elə də ciddi dəyişikliklər olmadı. Bunun da səbəbləri var. Bildiyim qədər, o cildliklər ki, Yaqub müəllimin direktorluğu dövründə təkrar nəşr olundu, həmin kitabların nəşr edilməsi üçün çox məhdud vaxt verilmişdi. Yəni onlara bir neçə ay vaxt verilmişdi ki, qısa müddət ərzində nə dəyişiklik edə bilirsinizsə edin. Onda həmin bu 6 cildlik və Yaqub müəllimin vaxtında hazırlanan 7-ci cild latın qrafikası ilə nəşr olundu. Demək olar ki, məhz İqrar Əliyevin dövründə tərtib edilmiş o 6 cildlik və üstəgəl də 7-ci cild hazırlandı və heç bir ciddi dəyişiklik edilmədən çap olundu. Burada əsas söhbət İqrar Əliyevin vaxtında hazırlanan 6 cilddən söhbət gedir. Şübhəsiz ki, bu, mənfi məqam oldu. Ancaq belə götürdükdə, bildiyim qədər, Yaqub müəllim yenidən 3 cildliyi hazırlayırdı, məncə o çap olunmadı. Orada ən qədim dövrümüzdən müasir dövrə qədər istər Azərbaycan türklərinin, Azərbaycan xalqının bölgənin yerli-aborigen xalq olduğu, istərsə də digər məsələlər milli ruhda öz əksini tapmalı idi. Hər halda, Yaqub müəllim deyirdi ki, 3 cildlik çap olunacaq, o cildliklərdə 7 cildlikdən fərqli olaraq həm qədim, həm orta əsrlər tarixi yenidən təqdim ediləcək. Eyni zamanda, o cildliklərdə Səfəvilərin Şah Abbasdan sonra “İran dövləti” kimi qələmə verilməsi kökündən yanlış idi. Yaxud Əfşarların, Qacarların “İran” adı altında “işğalçı” kimi qələmə verilməsi qəbuledilməz idi. Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə işğalçı kimi təqdim edilə bilməz, onlar işğalçı deyildilər. Bu kimi problemlər oldu. Xanlıqlarla bağlı bir çox dəyərli kitab nəşr olunanda çox təəssüflər olsun ki, bir çox müəllif yenə də sovet metodologiyasından uzaqlaşa bilmədi. Yenə də bu və digər anlamda Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, Abbas Mirzənin “işğalçı” kimi təqdim edilməsini gördük, onlar “Azərbaycanı işğal etdi, Azərbaycanı taladı” kimi yanlış fikirlərə rast gəldik. Biz dəfələrlə bunların yazdıqları haqda fikir bildirdik, tənqid etdik, bunları kitablarımızda, məqalələrimizdə əks etdirdik ki, bu fikirləri dəyişmək, düzəltmək lazımdır. Mənə elə gəlir ki, Yaqub müəllim nə mümkündürsə, onu etdi. Amma şübhəsiz ki, bu məsələlərdə nöqsanlı cəhətlər qaldı. İndi Tarix İnstitutunun direktoru vəzifəsinə Kərim Şükürov təyin edilib. Bildiyim qədər, milli ruhlu, obyektiv, sovet metodologiyasından uzaq bir tarixçidir, insandır. Hesab edirəm ki, bütövlükdə, hələ də Tarix İnstitutunda milli ruhlu tarixçilərimiz var və onlar məsələlərə artıq sovet metodologiyasından deyil, məhz Azərbaycan tarixşünaslığı metodologiyasından yanaşmağa başlayıblar, daha doğrusu, onlar bu istiqamətdə işləyirlər. Mən burada Dilavər Əzimlinin adını çəkmək istəyirəm, o, Səfəvilərin tarixini yazan milli ruhlu tarixçilərimizdəndir. Ramin Quluzadənin adını çəkmək istəyirəm, o da qədim dövrü araşdırır, milli ruhlu tarixçilərimizdən biridir. Tofiq Nəcəfli, Gültəkin Nəcəfli, İradə Məmmədova da milli ruhlu tariximizi əks etdirən insanlardır”.

F.Ələkbərlinin sözlərinə görə, bununla yanaşı, Tarix İnstitutunda hələ də sovet metodologiyasından uzaqlaşa bilməyənlər də var ki, onlar, bütövlükdə, tariximizə Azərbaycan tarixşünaslığı metodologiyasından baxa bilmirlər.

“30 ilə yaxındır ki, biz dövlət müstəqilliyimizi bərpa etmişik, artıq tarixçilər arasında da yeni bir nəsil formalaşır. Ümid edirik ki, artıq bu yeni nəsil sovet metodologiyasından tamamilə uzaqlaşacaq. Hesab edirəm ki, məhz obyektiv, milli ruhu özündə əks etdirən yeni 7 cildlik Azərbaycan tarixi yazılmalıdır. Sözün açığı, mövcud olan bu 7 cildliklə bizim hələ də tariximizə baxışımızda naqisliklər, qüsurlar çoxdur. Yəni bundan xüsusən də tələbələrimiz nə əldə edəcək, bilmirəm. Hesab edirəm ki, Kərim Şükürov bu məsələlərə daha diqqətlə, həssaslıqla yanaşacaq”.

  • Qasım Hacıyev: “Azərbaycan tarixinin problemlərini həll edə bilməzdi, edə bilmədi də”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev isə qeyd etdi ki, Akademiyanın Tarix İnstitutu bu qurum təsis ediləndən fəaliyyət göstərir. “Tarix İnstitutunda tarixin müxtəlif dövrlərinə aid ardıcıllıqla tədqiqatlar aparılıb, kitablar çap olunub. Amma deyim ki, sovetlər dövründə Azərbaycan tarixi həddindən artıq təhrif olunub, saxtalaşdırılıb, ağ-qara ləkələrlə doldurulub. Ona görə də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra tarixçilər qarşısına belə bir vəzifə qoydu – Azərbaycanın tarixi yenidən yazılmalıdır. Xüsuslə də XIX-XX əsrlər. Ulu öndər çox haqlı idi. Ona görə ki, biz tarixçilər oxuduğumuz dövrdə də, sonrakı vaxtlarda da bilirdik ki, Azərbaycanda baş verən tarixi hadisələrin, proseslərin əksəriyyəti saxtalaşdırılıb. Ölkəmiz işğal olunub, ona “xilaskarlıq” donu geydirilib, xalqımıza, milli ənənələrimizə, milli mübarizəmizə qarşı kəskin xarakterli təzyiqlər, qırğınlar olub, bütün bunların hamısı yenə də “xilaskarlıq yürüşü, azadlıq mübarizəsinə kömək” olaraq yazılaraq təbliğ edilib, bu eybəcərliklər olub”.

Sovet dövrünün axırlarına qədər bu amansız prosesin davam etdiyini deyən Q.Hacıyev vurğuladı ki, SSRİ dövründə yazılan tarix kitablarında tariximiz saxtalaşdırılıb, qəhrəmanlarımız, xanlarımız, bəylərimiz, dövlət xadimlərimiz, sərkərdələrimiz “qaçaq, quldur, işğalçı” kimi təqdim olunub. “Müstəqillik dövründə Azərbaycan tarixinin yenidən yazılmasına başlananda XX əsrin əvvəllərindən daha dəqiq, həqiqəti əks etdirən materiallar toplanıb Azərbaycanın cənublu-şimallı bütün tarixi yazıla bilərdi, xalqımız tarixdə böyük izlər qoymuş qədim dövlətçilik ənənəsinə malik bir xalq kimi daha yüksək səviyyədə təqdim oluna bilərdi. Təsəvvür edin ki, Azərbaycan tarixi 7 cilddə deyil, 15 cildə qədər ola bilərdi, amma, gördüyünüz kimi, bu da olmadı. Yenə də tariximizdən “ağ-qara” ləkələri götürmək, saxtakarlıqları təmizləmək məqsədilə yaxşı kitablar yazıldı. Deyim ki, bu kitabları da hər bir tarixçi özfəaliyyət kimi yazdı. Çünki mərkəzləşmiş adı ilə proseslərə rəhbərlik edən bəzi institutlarda ümumi tariximizin yazılmasından, dediyimiz kimi, çoxcildliyin saxtakarlıqdan təmizlənərək yenidən yazılıb çap edilməsindən danışılsa da, heç biri yazılmadı.

Tədqiqata ehtiyacı olan, xüsusilə də vaxtilə işğalda olan ərazilərimizin işğaldan azad edilməsinə dair ortaya qoyulan ideyaların hərtərəfli öyrənilməsi, yazılması, bütün mənalarda təbliğ edilməsi əvəzinə, başqa şeylər oldu, bu proses çox primitiv şəkildə həyata keçirildi. Tarixçilər müstəqil olaraq öz kitablarını yazıb nəşr etdirdilər, rəhbərlik, əlində səlahiyyətlər olanlar isə yalnız öz kitablarını çap etdirdilər. Bir də dostlarının kitablarını. Bu da, göründüyü kimi, Azərbaycan tarixinin problemlərini həll edə bilməzdi, edə bilmədi də. Ona görə də mənsəbpərəstlik, mənəm-mənəmlik, özündən başqa heç kimi görməmək kimi hallar baş verdi. Beləliklə, bizim müharibə tarixinə, Xocalı soyqırımına aid sanballı bir kitab nəşr edilmədi. Kənarda Xocalı soyqırımına həsr olunan elmi və bədii əsərlər yazılanda onda Tarix İnstitutunda bu mövzuda yazılan kitablar şkafların gözündə, siyirmələrində qaldı, ona qayğı göstərən, himayədarlıq edən olmadı. Bu da cürbəcür məqsədlərlə edilirdi. İndi getdikcə çox şey yaxşıya doğru gedir, torpaqlarımız işğaldan azad edilib, dövlət başçımızın, Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz torpaqlarımızı azad etdi. Bu parlaq qələbəmizin tarix kitablarında yazılmasına ciddi ehtiyac var.

Başqalarının yazdıqlarını götürüb, ona şərik olub özünü öymək alimlik deyil. Məsələn, Kərim müəllim Tarix İnstitutuna rəhbər təyin edilib, biz onu cavan vaxtından obyektiv, qaraya qara, ağa ağ deyən, düzgün mövqe tutan, heç kimin təsiri altına düşməyən, heç kimi də öz təsiri altına salmayan bir şəxs kimi tanıyırıq. İnanıram ki, bu günə qədər tariximizdə mütəxəssisləri, xalqımızı narazı salan məsələlərə o diqqətlə yanaşacaq. Buna çox inanıram. Hesab edirəm ki, tariximizin yenidən yazılması ilə bağlı istiqamət düzgün götürüləcək, “gestapo” rejimi institutdan götürüləcək, kimin nə zəhməti, nə qabiliyyəti var, o saf-çürük ediləcək, diqqətlə yanaşılacaq. İnanıram ki, tariximizdə baş verən müasir proseslərə, hadisələrə obyektiv yanaşılacaq və tariximiz düzgün şəkildə yazılacaq.

Bu gündən sonra biz normal, obyektiv əsərlər görəcəyik” – deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …