Cümə , 5 İyul 2024
Drone Cameras

Amerika sənə qucağını açır, amma…

Əməkdaşımız Sevinc Telmanqızı yenicə nəşr olunan “Trampın və Sevincin Amerikası” kitabı haqda danışır: “Bütün həmkarlarımıza bu cür silsilə yazı, layihə, araşdırmalarını kitab halına gətirməyi arzu edirəm”

 Bu günlərdə “Yeni Müsavat” qəzetinin əməkdaşı, reportyor Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası” adlı kitabı işıq üzü görüb. Həmkarımız bununla bağlı sosial şəbəkədə məlumat verərək, kitabın fotolarını paylaşıb. Musavat.com əməkdaşımızla yeni kitabı və Amerika layihəsi ətrafında söhbətləşib.

-Öncə yenicə nəşr olunan və sosial şəbəkə vasitəsilə də elanını verdiyiniz “Sevincin və Trampın Amerikası” adlı kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. Təklif edirəm ki, söhbətə də bununla başlayaq: bu kitabı nəşr etdirmək ideyası necə yarandı?

-Təbrik üçün təşəkkürlər. İdeyaya gəlincə, hər şey “Yeni Müsavat”ın layihəsi əsasında Amerikaya səfərimlə başladı. Donald Trampın hakimiyyətə gəlişindən sonra mühacirlərlə bağlı tutduğu sərt mövqe, verdiyi açıqlamalar bütün dünya mediasının ana mövzusu idi. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə mövzunun aktuallığını nəzərə alıb, bunu bir proje kimi işləməyi təklif etdi. Bizim media qrupunun tarixində bu cür layihələr çox olub. Hər zaman dünyanın qaynar olaylarının mərkəzinə əməkdaşlar ezam olunub. Ayrı-ayrı postsovet ölkələrində baş verən inqilablar, mitinqlər, eləcə də dünyadakı strateji siyasi toplantılar, beynəlxalq tədbirlərdə bizim reportyorlarımız iştirak edib və ordan canlı-canlı xəbərlər yollayıblar. Amerika nümunəsində isə mən prosesə Amerika vizası üçün müraciətlə başladım. Bizim üçün bu mərhələdə əsas “Azərbaycan da 7 yasaq müsəlman ölkələri siyahısına daxildirmi?” sualının cavabı idi. Məlum, Donald Tramp hakimiyyətə gələndən sonra 7 müsəlman ölkəsi vətəndaşlarına viza məhdusiyyəti ilə bağlı anons vermişdi. Açığı, Amerikadakı azərbaycanlı mühacirlər də bizim səfərimizdə çox maraqlı idilər. Dəvətnamə yolladılar, hətta bəziləri öz evlərində məni qonaq etdilər, şəhərləri tanımağım üçün bələdçilik etdilər. Mən də bu müddətdə öz sənədlərimi hazırladım. Cəmi 3-4 gündən sonra artıq viza müraciətimə müsbət cavab verildi və 2017-ci ilin fevral ayının 25-də Amerikaya getdim. Kitabda yer alan reportaj, müsahibə və xəbərlər də bu səfərin məhsuludur deyə bilərik.

-Neçə gün davam etdi səfər?

-11 günlük bir səfər idi. Nyu Yorkdan başladı, daha sonra Vaşinqtonda, Çikaqo və San Fransiskoda davam etdi. Səfərin məhz bu tarixə təsadüf etməsi də olduqca yerinə düşdü. Çünki bizim həmyerlilərimizin Amerikada Xocalı faciəsinin ildönümü ilə bağlı keçirdiyi tədbirlərdə iştirak etmək və bunu işıqlandırmaq imkanı qazandıq.

WhatsApp Image 2017-10-10 at 05.35.26.jpeg (339 KB)

-Orada ancaq azərbaycanlı mühacirlərlə görüşürdüz?

-Bəli, öncədən də layihənin məqsədi o idi. Amerikada yaşayan azərbaycanlılar, onların mühacirət səbəbi, yaşam şərtləri, həyatları, çətinlikləri… Getmədən öncə, Bakıda ikən əksəriyyəti ilə əlaqə saxlamış, görüş günü təyin etmişdim. Amerikada olanda da digərləri gəlişimdən xəbər tutub, görüşə gəldilər.

-Səhv etmirəmsə, daha öncə də Avropada buna bənzər bir layihə həyata keçirmişdiz. Avropadakı mühacirlər və xeyli səs-küy də yaratmışdı. Saxta mühacir vəsiqəsi söhbətinin mənbəyi ordan başlanmışdı, doğrudurmu?

-Tamamilə haqlısız. 2015-ci ildə də Avropada yaşayan azərbaycanlı mühacirlərin həyatını əks etdirən bir yazı silsiləsi həyata keçirmişdim. İsveçrə, Almaniya, Belçika, İsveç, Norveçdə yaşayan azərbaycanlı mühacirlərin hekayəsi vardı o yazıda. Yeri gəlmişkən, həmin vaxt bu yazılardan ibarət də bir kitab hazırlamışdıq. Türkiyədə nəşr etdirsək də, keçmiş MTN—in “işgüzarları” onun ölkəyə buraxılmasına əngəl olmuşdu. Hazırda o kitabı Azərbaycanda yenidən nəşr etdirmişik və “Sevincin və Trampın Amerikası” kitabı ilə eyni gündə onu – “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitabımızı da oxuculara təqdim edəcəyik.

-Təqdimat nə zamana nəzərdə tutulub?

-Oktyabrın 12-də, saat 12-də. Media, siyasət və QHT sektorunun tanınmış simalarının, mətbuatdakı dostlarımızın iştirakı ilə “Yeni Müsavat” qəzetinin redaksiyasında təqdimetmə mərasimi keçirəcəyik.

– Qayıdaq Amerika kitabınıza. Müasir günümüzdə kitab dərc etdirmək məsrəfli proses sayılır. Bunun maddi tərəflərinə də toxunaq istərsəz…

– Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporası” layihəsi çərçivəsində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən nəşr edilib. 300 nüsxə, 192 səhifəlik kitabdır. Bu arada layihənin rəhbəri Kənan Əsgərliyə də göstərdiyi dəstək üçün təşəkkür edirik. Beləliklə, “Yeni Müsavat”ın və jurnalistikanın arxivinə 2017-ci il Amerikasında formalaşan Azərbaycan diasporası barədə dolğun bir kitab, məlumatlar toplusu daxil oldu.

-Kitabın hazırlanma prosesi nə qədər davam etdi?

-Kitabdan öncə biz bu səfərlə bağlı bir sənədli film hazırladıq. Daha doğrusu, səfər zamanı hazırladığım videoreportajları Minval.az saytının bədii redaktoru, istedadlı rejissor İlkin Zəfərli ilə birgə montaj edib, film halına gətirdik. Ondan sonra isə bu layihənin kitab halına salınması üçün Qeyri Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasına müraciət etdik. Materialların seçilməsi, redaktə, fotoların seçimi, korrektura prosesləri iki aya qədər davam etdi. Sentyabrın 22-də isə kitab “Qanun” nəşriyyatından çıxdı.

-Kitabın fərqli adı var. Ad müəllifi kimdir?

-“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu. Bu adı o, təklif etdi və qulağa çox xoş gəldiyi üçün bu cür adlandırdıq.

-Çoxları düşünə bilər ki, oxucu kitabdakı məqalələrlə dərc olunduğu vaxt tanış olubsa, onun kitab halına salınması nə dərəcədə zəruridir?

-Haqlısız, oxucu bu yazılarla dərc olunduğu vaxt tanış olub. Hər bir məqalənin musavat.com saytındakı oxunma faizi də onun necə böyük marağa səbəb olduğunu göstərirdi. Bir haşiyə çıxım: hətta mən səfərdə olduğum vaxt Amerikada yaşayan oxucuların səbirsizliklə yazdığı məktublar da alırdım. “Bizim şəhərə niyə gəlib çıxmırsız? Nyu Yorkdan (Vaşinqtondan və ya digərlərindən) yazdığınız yazıları oxuyub həyəcanlanırıq. Bizim də ürəyimiz doludur” deyə yazırdılar və bu, olduqca xoş idi. Azərbaycandan olan oxucular isə hər yazıdan sonra Amerikaya mühacirətlə bağlı silsilə suallar yazıb yollayırdılar. Yəni, vətəndəkilər köç etmənin, qürbətdəkilər isə ürəklərini boşaltmanın yollarını axtarırdılar (gülür). O ki qaldı sualınıza, mən hesab edirəm ki, oxucunun bunu toplu halda, bir layihə kimi, yazıların ardıcıllığı ilə oxuması çox daha yaxşıdır. Oxucu bu kitabda öncə Amerikanın bəzi şəhərlərini bizim qələmimizlə “görür”, sonra ordakı həmvətənlərimizin hekayəsi ilə tanış olur. Son nəticədə isə bir azərbaycanlı jurnalistin gözü ilə Amerika təəssüratı qazanır. Doğrudur, biz Amerikanı yenidən kəşf etmədik. Amma qısa bir səfər çərçivəsində ordakı həmvətənlərimizi özümüzə, eləcə də oxuculara tanıtdıq. Və üstəlik, bu, 2017-ci il Amerikasında azərbaycanlı obrazı idi. Tramp Amerikasındakı həmvətənlərimiz. O baxımdan kitab halında olması çox daha faydalıdır. Ümumiyyətlə, mən bütün həmkarlarımıza bu cür silsilə yazı, layihə, araşdırmalarını kitab halına gətirməyi arzu edirəm. Bu, həm jurnalistika tarixi, həm də gələcək nəsillər üçün faydalı vəsait ola bilər.

-Bəs səfər necə keçdi? Nələr gördüz, nələr kəşf etdiz?

-Hər şeydən öncə onu deyim ki, Amerika yeni dünya ilə tanışlıq deməkdir. Ölçü, çəki, zaman vahidlərindən tutmuş hər şeyə qədər… Buraya hətta 10 günlük səfər edən biri üçün belə yenilikləri öyrənmək vacibdir, əks halda “yeriyə” bilməzsən. Amma Amerika sözün böyük mənasında gələnlərə qucaq açan ölkədir. Burada mühacir anlayışı demək olar ki, sıfırlanıb. Çünki burda demək olar ki, yerli yoxdur. (gülür) Məsələn, sən Nyu Yorkda Tayms Meydanının ortasında bir neçə dəqiqə dayansan, həmin müddətdə yanından əksər millətlərin nümayəndəsinin keçdiyini görəcəksən. Bu, təkcə Nyu Yorkun turistik şəhər olması ilə bağlı deyil. Amerika gələnlərə yaşamaq, irəliləmək üçün şans verir, yaşıl işıq yandırır və fürsətlər yaradır.

-Amerikada yaşayan azərbaycanlıların hekayəsinə də toxunaq istərsəz. Amerikadakı həmvətənlərimizin digər ölkələrdəki mühacirlərdən əsas fərqi nə idi?

-Ordakı müsahiblərimin böyük əksəriyyəti Green Card udaraq, Amerikada yaşama şansı qazananlar idi. Qalanları isə ya iş üçün ora gedənlər idi, ya da uzun illər öncədən bu və ya digər ölkələrdən köç edənlər. Amerikada yaşayan azərbaycanlıların Avropadakılardan əsas fərqi onların yaşam şərtləri ilə bağlıdır. Məlum, Avropada köç edənlər öncə qaçqın düşərgələrində yerləşdirilir, bir neçə mərhələli müsahibədən keçir, daha sonra müsabiqədən keçərlərsə, mühacir statusu qazanırlar. Bu müddətdə hökumət onları dil kursuna göndərir, müavinətlə təmin edir və sair. Amma Amerikada bunların heç biri yoxdur. Amerika mühacirlərə qucaq açmış ola bilər, amma onlara heç bir mənada yardımçı olmur. Sən Amerikaya gələndə bunların hamısını göz önünə almalısan. Yüksək səviyyəli bir jurnalist belə burda öz həyatına sıfırdan başlaya bilər, məsələn, qab yumaqla, ofisiantlıq etməklə. Və ya illərlə öz ölkəsində bizneslə məşğul olan şəxs Amerikada Uber taksiçiliklə güzəranını təmin edə bilər. Burda heç bir qəbahət də yoxdur. Çünki Amerikada yaşamağa qərar verən bir çox insanın yolu bu mərhələlərdən keçir, keçməlidir. İnsanlar bunu göz önünə alaraq Amerikanı seçirlər.

-Amma Amerika nə qədər azadlıqlar ölkəsi olsa da, qanunların sərhədləri toxunulmazdır, sərtdir. Amerikada həbs olunan bir azərbaycanlı həmyerlimizdən götürdüyünüz müsahibədən xatırlayıram – orda Amerikanın heç də hər şeyi çəhrayı rəngdə göstərmədiyi görünürdü.

-Əlbəttə. Amerikaya uçan təyyarədə ikən sizə bir blank paylayırlar və siz o blankı doldurursuz. Gəliş məqsədinizdən tutmuş, qalacağınız yerə, dönüşünüzün zamanına, peşənizə qədər. O blankı Amerikaya daxil olanda gömrük xidməti əməkdaşına təhvil verirsiz. Bir sorğu-sual da onda başlanır. Amerikada etmiş olduğunuz hər hansı qanunsuzluq və ya bilmədən belə yol verdiyiniz pozuntu sizin ciddi şəkildə cəzalanmanıza səbəb ola bilər. Məsələn, mən Amerikaya ikinci dəfə səfər edəndə sərhəddə məndən gəliş məqsədimi soruşdular. Yanlışlıqla, avtomatik olaraq, “turist kimi” cavabını verdim. Halbuki vizam jurnalist vizası idi və turist kimi gəlməyim üçün viza növümü dəyişdirməli idim. Bu, mənimlə bağlı bir saata yaxın davam edən sorğu-sualın baş tutmasına, özümün isə qanunsuz miqrantlar üçün aeroportda nəzərdə tutulan hücrədə saxlanmama səbəb oldu. Onlar az qala mənim bütün şəcərəmi araşdırandan sonra ölkəyə girişimə icazə verdilər. Halbuki birinci gəlişimdə hansısa kiçicik qanun pozuntusuna yol vermiş olsaydım, qurtuluşum yox idi. Sualda haqqında danışdığınız azərbaycanlı dostumuz da məhz bu bürokratik anlaşılmazlıq ucbatından günlərlə San Fransisko türməsində qalmışdı.

-Əldə etmək istəyənlər kitabınızı necə əldə edə bilərlər?

-İlk növbədə “Yeni Müsavat” qəzetinin redaksiyasından. Amma təqdimatdan sonra kitabdan bir neçə nüsxə M.F.Axundov adına kitabxanaya, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kitabxanasına çatdıracağıq. Hər iki kitabın daha geniş oxucu kütləsinə çatması üçün “Qanun” nəşriyyatının təşkil edəcəyi kitab yarmarkalarında da iştirak edəcəyik.

Qeyd: Müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporası” layihəsi çərçivəsində götürülüb.(Yeni Müsavat)

Boyukmillet.com

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir