Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Ankarada Naxçıvan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Türkiyədə iki günlük səfərdə olub.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, səfər çərçivəsində Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, muxtar respublikanın kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov iştirak edib.

Səfər çərçivəsində Ankara şəhərində Naxçıvan nümayəndə heyəti Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat ilə görüşüb.

Görüşdə iqtisadi əlaqələrin inkişaf perspektivləri, münbit investisiya mühiti, muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac imkanları və dövlət proqramı çərçivəsində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində keçirilən görüşlərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi ətrafında müzakirələr aparılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …