Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində hökmü qüvvədə saxlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin mart ayında verilən qərarı ilə Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib

Mayın 20-də Bakı Apelyasiya Məhkəməsi müxalif siyasətçi, Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində çıxarılmış hökmə baxıb.

Məhkəmə onun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il martın 10-da çıxardığı hökmü qüvvədə saxlayıb.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Siyasətçi ittihamları saxta və siyasi motivli adlandırıb.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Aksiyanı mayın 10-da, səhhətinin kəskin pisləşməsindən sonra, qızının xahişi ilə dayandırıb.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbs cəzası alıb.

O, 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs edilib və 5 il azadlıqdan məhrum olunub.

2017-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

2020-ci il martın 22-də “xuliqanlıq” ittihamı ilə yenidən həbs olunub. İddia edilirdi ki, Yaqublu “8-ci kilometr bazarı” yaxınlığında yol qəzası törədib, digər sürücünü və onun həyat yoldaşını təhqir edib və onlara xəsarət yetirib.

Bu hadisə ilə bağlı Nizami Rayon Məhkəməsi onu 4 il 3 ay azadlıqdan məhrum etmişdi.

Bu hökmdən sonra – 2 sentyabr 2020-ci ildə Tofiq Yaqublu məhkəmə qərarına etiraz olaraq aclıq aksiyasına başlamış, 17 gün sonra – vəziyyəti ağırlaşdığı üçün təcridxanadan klinikaya köçürülmüşdü.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onu ev dustaqlığına buraxmışdı.

2021-ci il iyulun 15-də həmin hökmdə dəyişiklik edilərək 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası şərti cəza ilə əvəz olunmuşdu.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …