Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu ilə “Çevik 100 İl” ideya müsabiqəsi təşkil olunub.
Boyukmillet.com xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqənin əsas məqsədi dövlət xidmətlərində yeni həllərin və düşüncə tərzinin tətbiqi, ulu öndərin dövlət idarəçiliyi sahəsində gördüyü işlərin təhlili nəticəsində bu sahədə yeni ideyaların gerçəkləşdirilməsidir.
Bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda formalaşdırılıb və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını təqdim ediblər.
Tədbirin açılış mərasimindən sonra “Dövlət xidmətlərinin təşkilində dizayn əsaslı düşüncənin tətbiqi” mövzusunda təqdimat baş tutub.
Eyni zamanda “Gələcəyin Qarabağı: Onun arzusu” komanda quruculuğu və “Çevik xidmət” ideya müsabiqəsi gerçəkləşib.
Müsabiqə çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş intellektual yarış da baş tutub. O cümlədən ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair təqdimat edilib.
Sonda müsabiqənin mükafatlandırma mərasimi həyata keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.
“Azərişıq” ASC-nin “Zəfər” komandası “Vətəndaşyönümlü həll” nominasiyası, Milli Arxiv İdarəsinin “Xan” komandası “Dayanıqlı həll” nominasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Murovdağ” komandası “Uğurlu təqdimat” nominasiyası, Energetika Nazirliyinin “Ağdam” komandası “Səmərəli həll” nominasiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Hadrut” komandası isə “İnnovativ həll” nominasiyası üzrə təltif edilib.