Cümə , 10 May 2024
Drone Cameras

ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkə daxilində və xaricdə “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımızın xeyriyyəçilik ənənələrini yüksək qiymətləndirmişdir. Bu gün hər bir vətəndaşımızın üzərinə bu ənənələri davam etdirmək vəzifəsi düşür. Məhz bu səbəbdən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondu, ASAP və Məzun Birliklərini ilə birgə həyata keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş #ƏNƏNƏ layihəsinə start verilmişdir. Layihə çərçivəsində ilk görüş 10 may tarixində ASAP və Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin iştirakı ilə keçirilib. Görüşün nəticəsi olaraq, Məzun Birlikləri ilə xeyriyyə istiqamətində illik plan hazırlanacaq, mövcud intellektual resurslar vasitəsilə sosial həssas qruplarla iş, yardım aksiyaları, məzunlar tərəfindən ehtiyacı olan gənclərə ödənişsiz karyera bələdçiliyi, dil kursları və digər xeyriyyə tədbirləri həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan və AHAU-nun birgə təşkilatçılığı ilə Macarıstanın Budapeşt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual turnir təşkil olunub. 70-dən çox azərbaycanlı gəncin iştirak etdiyi turnirdə Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna və Azərbaycan tarixinə aid suallar səsləndirilib.

Polşanın paytaxtı Varşava şəhərində də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və ASAP Polşanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

İsrailin Arava şəhərində Azərbaycan Respublikasının İsraildəki Səfirliyinin, Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Görüşdə Beynəlxalq Azərbaycan – İsrail Assosiasiyasının üzvləri, İsrail Universitetlərindən professorlar və azərbaycanlı gənclər  iştirak edib.

Beynəlxalq Azərbaycan – İsrail Assosiasiyasının və ASAP-ın birgə təşkilatçılığı ilə İsraildə keçirilən digər görüşdə isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edilib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Çinin paytaxtı Pekin şəhərində isə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib və foto sərgi təşkil olunub. Ölkəmizin Çin Xalq Respublikasında olan Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və “Azərbaycan-Çin Məzunları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı gənclər iştirak etmişdir.

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …