Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatları, Türkiyə, Vyana və Niderlandda 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş şəbəkələşmə tədbiri keçirilib.
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı konsulunun da iştirak etdiyi tədbirdə gənclər demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında müzakirələr ediblər. Həmçinin, ABŞ-də təhsil alan gənclər üçün ASAP-ın fəaliyyət istiqamətləri, azərbaycanlı gənclərin xarici ölkələrdə təmsilçiliyi, şəxsi və karyera inkişafına yönələn tədbir və layihələr haqqında məlumat verilib.
Niderlandın Rotterdam şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və AzSAB-ın birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Müxtəlif ölkələrdən olan gənclərin iştirak etdiyi tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, musiqisi, tarixi, milli yeməklərinin xaricdə təhsil alan tələbələrə tanıdılması məqsədilə iki hissəli proqram təşkil olunub. Həmçinin, gənclər komanda quruculuğu istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçiriblər.
Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində azərbaycanlı gənclərin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub. Tədbir zamanı gənclər Azərbaycanın müstəqillik tarixi haqqında müzakirələr aparıb və Müstəqillik Gününü birgə qeyd ediblər. Həmçinin, ASAP-ın fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan tədbir və layihələr, Avstriyada təhsil alan azərbaycanlı gənclər bazasının genişləndirilməsi istiqamətində atılan addımlar barədə danışılıb.
Türkiyənin paytaxtı Ankara şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri, sosial-siyasi fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması, inkişafı və üzləşdiyi çətinliklər, quruculuq işləri haqqında danışılıb. Həmçinin, Müstəqillik Günü ilə bağlı videoçarx izlənilib, Azərbaycan tarixini əks etdirən foto-sərgi nümayiş olunub.
Türkiyənin Yalova şəhərində Müstəqillik Gününə həsr olunmuş foto-sərgi keçirilib. Yalova Universitetinin professor heyəti və gənclərin iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın müstəqillik yolundan danışılıb. Qeyd olunub ki, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Tədbir zamanı gənclər Müstəqillik Gününü öz həmvətənləri ilə birlikdə qeyd etmək imkanı əldə ediblər.