“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb.
Boyukmillet.com xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, emissiyanın ümumi həcmi isə 100 milyon ABŞ dolları təşkil edir.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.
Abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 %, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 % təşkil edib.
Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcəkdir.
Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Eyni zamanda, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları da yaratmış olur.