Cümə , 22 Noyabr 2024
Drone Cameras

Aşıq Nazilənin başına “çırpılan” kondisioner

İlahi, cəmiyyətdə nə qədər düşük, hətta özünü bu ölkənin general şəhidi ilə belə ucuz reklam etmək istəyən adamlar var? Xına mərasimlərinin təşkilatçısı olan, aşıq- manıs Nazilə Səfərli gedib cəbhənin Tovuz istiqamətində şəhid olan Polad Həşimovun anasına baş çəkib və görüb ki, evdə kondsioner yoxdu.


Eləmə tənbəllik, gəlib kiməsə şəhid anasına çatdırmaq adı ilə bir kondisioner “yükləyib”. Hələ aparıb mənzil başına çatdırmamış, edəcəyi “jesti” çox bəyənmə yığmaq niyyətilə sosial şəbəkələrdəki hesabında paylaşıb. Gözünə döndüyüm şəhid anası kondisineri “çırpıb” Nazilənin başına və geri qaytarıb. Deyib ki, onlar heç kimdən yardım istəmir.


Ay Nazilə, sən heç bilirsən kiminlə özünə xal yığmaq istəyirsən? O ana dövlətin verdiyi evi şəhid ailəsinə bağışlayan, özü isə kirayədə yaşayan, gedib kabinetdə yox, səngərdə şəhid olan, öz cibinin pulu ilə postlar təmir etdirən, əsgərlərinə lazım olan yardımı göstərən bir general oğulu dünyaya gətirib. Narahat olma, bu kimi ailələr dövlətin lazım olan qayğısı ilə əhatə olunacaq. Bunun üçün də kiminsə minnətini yox, layiq olduqları haqlarını dövlətdən alacaqlar. Ayıbdır, belə ülvi hisslərlə alver etməyin.
Narahat olmayın, cəmiyyətimizin əliaçıqlığı və xeyrxaqlığı da lazımi şəkildədir. Mən öz şəxsi praktikamdan bunu deyirəm. Əminəm ki, həmin şəhid ailəsinə lazım olan dəstəyi özü də ən yüksək səviyyədə elə oğlanlar verər ki, heç səsi də çıxmaz. Yetər ki, ailə bunu istəsin. Nazilənin nəzərinə bugünlərdə şəxsən rastlaşdığım bir hadisəni çatdırmaq istərdim.


Şəxsi işimizlə bağlı həmkarım Samir Feyruzovla Bakı kəndlərindən birinə getmişdik. Jurnalist olduğumuzu bilən bir qadın bizə yaxınlaşdı. Heç bir xüsusi statusu zadı da yox idi. Çox kasıb vəziyyətdə, tək yaşadığını dedi. Birlikdə gedib evinə də baxdıq. Bildirdi ki, yeganə arzusu soyuducusunun olmağıdır, başqa nəsə istəmir.
Evdə həqiətən də, soyuducu yox idi. Xanımın icazəsi ilə, elə ordaca şəkilini çəkib, “Yeganə arzusu soyducusunun olmasıdır” başlığı ilə bir paylaşım etdik. Heç 20 dəqiqə keçmədi ki, 10-larla adam anaya təzə soyuducu vermək istədiyini bizə yazdı. İlk zəng edənlə razılaşdıq. Səhəri gün bizə firmadan zəng gəldi ki, soyuducu hazırdı, gəlin aparaq təhvil verək.


Elə bildik ki, bu yardımı edən adam da orda olacaq ki, selfidən zaddan çəkib özünü piar etsin. Maşında firmanın işçilərindən başqa kimsə yox idi. Dedilər ki, soyuducunu alanı onlar da tanımır: “Onlayn ödəniş edilib və əlaqə kimi sizin telefonuz verilib. Hara lazımdırsa aparaq”.


“Arçelik” firmasının məhsulu olan, ən son model, iki kameralı böyük soyducunu aparıb anaya təhvil verdik. Onun sevincini sözlə ifadə etmək çətindi. Xanım dedi ki, həmin adama heç olmasa, bir təşəkkür etmək istəyir. Telefonla əlaqə saxladıq, xeyriyyəçi bildirdi ki, əsla olmaz. Mən bunu Allah rizası üçün etmişəm: “Heç bir təşəkkürə zada da ehtiyac yoxdur”. Heç bizim özümüz də bilmədik ki, həmin adam kimdir, harada işləyir…


İndi ay Nazilə, sən elə bilirsən ki, şəhid generalın ailəsinə bir kondisioneri, hətta evi, ən bahalı maşını belə səsiz-küysüz bağışlamağa hazır olan oğlanlar yoxdur? Niyə hopanıb düşübsən ortaya? Yetər ki, onlar bunu istəsinlər. Qürurlarını qoruyub istəmirlərsə, daha gözəl! Düşünürəm ki, Nazilənin rastlaşdığı bu şou dərsindən şəhid adı ilə manipulyasiya edən başqaları da ciddi nəticə çıxarmalıdırlar. Ən əsası da, bütün şəhid ailələrinə Polad Həşimovun anası qədər dəyanət və dözüm arzulayıram!

Məhəmmədəli Qəribli

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …