ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev Rusiyanın “Nezavisimaya qazeta” nəşrini müdafiə edib.
Boyukmillet.com xəbər verir ki, A. Quliyev bu barədə öz “Twitter” səhifəsində yazıb.
Azay Quliyev vurğulayıb ki, Rusiya Federasiyasındakı Ermənistan səfirliyinin “Nezavisimaya qazeta”ya qarşı qaldırdığı iddiaya səbəb, nəşrin 1988-ci il Sumqayıt hadisələri barədə dərc etdiyi ifşaedici yazının erməni lobbisini təşvişə salmasıdır: “Azərbaycan ictimaiyyəti “Nezavisimaya qazeta”nın tarixi ədalətin təntənəsinə verdiyi töhfəni dəstəkləyir”.
Xatırladaq ki, “Nezavisimaya qazeta”da Lev Əsgərovun “Sumqayıt faciəsi. Bu nədən başladı və necə oldu” məqaləsi dərc edilib. Bundan sonra Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan “Moskva Talks” radiostansiyasına verdiyi müsahibədə Rusiya Baş Prokurorluğuna etnik nifrət, ksenofobiya və dini dözümsüzlük təhqiqatı ilə əlaqədar istintaqa başlanması xahişi ilə müraciət etdiyini bildirib. “Rusiya Erməniləri Birliyi” QHT-si də oxşar şikayətlə çıxış edib.