ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində erməni zorakılığının qeydə alınması və dinc sakinlərin həlak olması barədə məlumat əldə edib.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır:
“Zorakılıq yalnız növbəti zorakılığı doğurur və heç nəyi həll etmir. Bu uzun illərdir davam edən münaqişənin yeganə humanist həll yolu tərəflərin danışıqlar masası arxasına keçməsidir”.
Həmsədrlər həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiklərini bildiriblər.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.