Cümə , 29 Mart 2024
Drone Cameras

Avropa İttifaqı Azərbaycandakı hansı QHT-lərə milyonlarla qrant ayırıb – siyahı və havada uçuşan şok rəqəmlər

1 milyon 137 min 189 avroluq layihəni hansı qurum qazanıb və bu pulu nəyə sərf edib?

Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri heç şübhəsiz ki, Avropa İttifaqının (Aİ) 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-ədək layihəsinə 90 milyon avro vəsait ayırması ilə bağlı idi. Bu açıqlamanı Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard gündəmə gətirdi. O, deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edib.

 

M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəklər.
Xanım Mard əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb: “Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir”.

ec535fbc-dbd7-45e5-88bc-37bde6ff15a9.jpg (165 KB)

Amma xəbərin dərcindən sonra D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu musavat.com-a açıqlamasında M.Mardın yaydığı məlumatda rəqəmlərlə bağlı tərcümə xətasının olduğunu dedi. Onun sözlərindən məlum oldu ki, əslində 70-dək layihəyə 90 yox, 19 milyon avro ayrılıb. Amma M.Mardın bu açıqlaması tərcüməçinin yanlış anlamasına görə, 90 milyon olaraq tərcümə edilib və cəmiyyətə çatdırılıb.

Musavat.com bu açıqlamanın izi ilə yenidən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladı. Nümayəndəlikdən də bizə təsdiqlədilər ki, ortada ciddi tərcüməçi xətası olub. Həqiqətən də 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 yox, 19 milyon avro vəsait ayrılıb.

Bütün hallarda bu vəsaitin hansı layihələrə ayrılması və onun vətəndaş cəmiyyətinin inkişafında rolu da ciddi müzakirə mövzusudur.

Musavat.com Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə həmin layihələrlə bağlı sorğu yollayıb.
Sorğunun cavabına əsasən məlum olub ki, 2007-2013-cü illər ərzində Aİ-nin vətəndaş cəmiyyətinə göstərdiyi dəstəyin coğrafi paylanması aşağıdakı kimidir:

1. Yerli demokratiya, anti- korrupsiya və yaxşı idarəetmə (13)
2. Sosial inklüzivlik (nondiskriminasiya), sosial dialoq və sosial tərəfdaşlara dəstək, gənclər siyasəti və uşaq hüquqları, gender və qadın hüquqları (24)
3. Media ilə ifadə azadlığı, qanunun aliliyi və fundamental hüquqların müdafiəsi, azlıqların hüquqları, barışıq və mədəniyyətlər arası dialoq (11)
4. Ətraf mühit və enerji siyasəti, davamlı (kənd yerlərinin) sosial-iqtisadi inkişafı, biznes mühiti və sosial sahibkarlıq (11)

İndi isə bəzi layihələrə ayrılan maliyyəyə diqqət yetirək. Turizmin inkişafı ilə yoxsulluğun azaldılması istiqaməti üzrə Yerli İdarəçiliyə Yardım İctimai Birliyi, Göyçay İnkişaf Mərkəzi və “Şəfəq” Ekoturizmin tərəfdaşlığı ilə qazanılan layihə: Layihənin adı: Kənd İnkişaf strategiyası çərçivəsində icmaya yönəlik turizm təşəbbüslərinin dəstəklənməsi – 342.212 avro;
Period: 1 yanvar 2014 – 29 fevral 2016

Qadınlar üçün şəraitin yaradılmasının təşviq edilməsi istiqaməti üzrə Konrad Adenaur Stiftung, Sahibkarlığa İnkişaf Fondunun qazandığı layihə: 
Layihənin adı: “Qadınlara Güc!” – Sosial, iqtisadi və siyasi proseslərdə iştirakla bağlı qadınlara şərait yaradılması – 372.212 avro. 
Müddət: 1 noyabr 2013 – 31 oktyabr 2015

Regionlarda yaşayan qadınlar üçün maliyyəyə çıxışının təkmilləşdirilməsi istiqaməti üzrə Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, Fundacja Mikromaliyyə Mərkəzi təşkilatların qazandığı layihə:
Layihəni adı: Qadınlar arasından peşəkarların hazırlanması və qadın sahibkarlığının inkişaf etdirilməsinin təşviq edilməsi – 329.914 avro 
Müddət 1 yanvar 2014 – 31 dekabr 2016.

Davamlı yerli inkişafı təmin etməklə icmaların ümumi inkişafa nail olunması istiqaməti üzrə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qazandığı layihə: 
Layihənin adı: Azərbaycanda regional və kənd inkişafı üzrə yerli təşəbbüslərə dəstək – 1. 137.189 avro 
Müddət: 1 yanvar 2014 – 29 fevral 2016 
Keçək digərlərinə:

Yerli özünüidarəetmə orqanları tərəfindən sosial xidmətlərin göstərilməsi istiqaməti üzrə “Oksfam” Azərbaycan, “Aran” Regional Humanitar İnkişaf və İqtisadi Təşəbbüslərə Dəstək Təşkilatlarının birgə qazandığı layihə: 
Layihənin adı: Azərbaycanın mərkəzi regionlarının kənd yerlərində ictimai xidmətlərin (təhlükəsiz su təminatı) göstərilməsi üçün 20 kənd bələdiyyəsində potensialın gücləndirilməsi – 336. 605 avro 
Müddət: 31 mart 2010 – 31 mart 2013

Sosial inkluzivlik, sosial dialoq və sosial tərəfdaşlara dəstək, gənclər siyasəti və uşaq hüquqları, gender və qadın hüquqları ilə bağlı sahə üzrə Azərbaycan Birgə Yardım (UAFA), Təhsildə İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə birgə qazandıqları layihə: 
Layihənin adı: Sosial hüquqların inkişaf etdirilməsi – həssas və təcrid edilmiş uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün icma-əsaslı strategiyaların hazırlanması – 280.689 avro. 
Müddət: 1 yanvar 2012 – 31 mart 2014

Daha yaxşı qayğı və əlilliyi olan uşaqların reabilitasiyası üçün icma hərəkatı istiqaməti üzrə Təhsildə İnnovasiyalar Mərkəzi, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatlarının qazandığı layihə: 
Layihənin adı: Vətəndaş Cəmiyyəti Hərəkatının gücləndirilməsi – əlilliyi olan uşaqlar və onların ailələrinin ehtiyaclarının ödənilməsi – 360.981 avro 
Müddət: 1 yanvar 2009 – 31 iyun 2011.

Uşaqlara alternativ xidmətlər üzrə dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlıq sahəsi üzrə Hilfsverk Austria İnternational, Ümidli Gələcək Təşkilatının tərəfdaşlığı ilə qazanılan layihə.
Layihənin adı: Himayədarlıq xidmətləri və ailəyə dövlət xidmətlərinin yaradılmasında yerli dövlət orqanları ilə qeyri-dövlət orqanları arasında əməkdaşlıq modelinin yaradılması – 640.770 avro. 
Müddət: 30 aprel 2010 – 30 aprel 2013

Siyahıda uşaqlarla bağlı layihələr daha çox diqqət cəlb edir. Uşaqlar üçün ədliyyəyə pulsuz və rahat çıxış imkanları (!) sahəsi üzrə UNİCEF, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Ümidli Gələcək Təşkilatının tərəfdaşlığı ilə qazanılan layihə.
Layihənin adı: Uşaqlar üçün ədliyyəyə çıxış və qanunun aliliyini təmin etmək üçün ədliyyə sektorunda islahatların təşviq edilməsi və qanunla ziddiyyətdə olan uşaqlar üçün işgəncə və pis rəftar hallarının azaldılması – 297.347 avro. 
Müddət: 1 noyabr 2013 – 26 may 2016

Öz doğma sahəmiz üzrə alınan layihəyə də diqqət yetirək: 
Media və ifadə azadlığı və qanunun aliliyi və fundamental hüquqların müdafiəsi, azlıqların hüquqları, barışıq və mədəniyyətlər arası dialoq sahəsi üzrə qazanılan layihə:

Layihənin adı: Ayrı-seçkiliklə müşayiət olunan işgəncə və pis rəftarın qarşısının alınması üçün vətəndaş cəmiyyəti potensialının artırılması – 166.666 avro

Müddət: 1 yanvar 2012 – 28 may 2013

****

Bu məlumatlar bizə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunub. Yazıya əlavə etdiyimiz qoşmada siz yuxarıda yazılan milyonların nəticəsində hansı işlərin görüldüyünün də şahidi olacaqsız. Gördüyünüz kimi, layihələrin büdcəsi 6 rəqəmlidir və bu, özlüyündə xəzəl kimi pulların xərclənməsi anlamına gəlir.

Amma gəlin düşünək, sözügedən sahələr üzrə son illərdə hansı ciddi uğurlar və irəliləyişlər var? Qadın hüquqlarından tutmuş, media azadlığına, regional və kənd inkişafı üzrə yerli təşəbbüslərə dəstək sahəsinə qədər… Bəs, bu ciddi məbləğlərlə ifadə olunan pullar Avropa İttifaqı kimi mötəbər bir qurumdan alınıb nələrə və kimlərə sərf olunub? Odur ki, bu məlumatlar və rəqəmlərlə tanış olandan sonra QHT sektorunda “pul silinməsi” ilə bağlı rəyin heç də havadan yaranmadığının şahidi olacağıq.

 

PDF faylı buradan oxuya bilərsiniz

 

Sevinc TELMANQIZI,

Musavat.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir