Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Sabah ÜAK-ın taleyi həll olunur – Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

Ekspert: “Kreml Rusiyadakı azərbaycanlıların ən böyük diaspor təşkilatının ləğvini istəmirsə…”

Sabah Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, məhkəmə iclası aprelin 11-dən keçirilməli idi. Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməyi əsas göstərilərək hazırlıq iclası aprelin 25-nə təyin olunmuşdu. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu, eləcə də qurumun öz nizamnaməsinin müddəalarının pozulduğunu əsas göstərək Ali Məhkəməyə müraciət edib.

Rusiya Ədliyyə Nazirliyi bəyan edib ki, “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin xəbərdarlıqlar nəticə verməyib-ÜAK-ın sənədləri qaydasına salınmayıb: “Təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib”.

Rusiyada azərbaycanlıların böyük diaspor təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğv olunmaması üçün Azərbaycanın müvafiq dövlət və hökumət qurumları, ayrı-ayrı nüfuzlu ictimai, siyasi xadimlər iş aparıblar. Eyni zamanda Azərbaycan Milli Məclisində məsələ ciddi müzakirə edilib, deputatlar Azərbaycan tərəfinin narahatlığını ifadə ediblər və bəyan edilib ki, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanla Rusiya arasında münasibətlərə soyuqluq gətirə bilər. Bəzi ekspertlər hesab edir ki, həm aparılan iş, danışıqlar, həm də verilən bəyanatların aprelin 11-də məhkəmə iclasının təxirə salınmasında hər halda rol oynamamış deyil. Ola bilsin ki, rəsmi Moskva da ÜAK-ın qeydiyyatının iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəyinin fərqindədir. Ona görə də problemin yoluna qoyulması üçün vaxt uzadılır.

Image result for Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli bu barədə “Yeni Müsavat”a deyib ki, ola bilsin, Ədliyyə Nazirliyində məsələ ilə bağlı vacib müzakirələr davam etməkdədir: “Nazirliyin konkret müraciəti sayəsində məhkəmənin sadəcə, iki qərar qəbul etmək hüququ var. Ya ÜAK-ın qeydiyyatı ləğv olunacaq, ya da müraciət rədd ediləcək. Məhkəmənin alternativ qərar qəbul etməsi mümkün deyil. Diaspora təşkilatları ilə bağlı qərarları ancaq Ədliyyə Nazirliyi verə bilər. Ancaq maraqlı burasıdır ki, nazirlik indiyə qədər Konqresin fəaliyyəti ilə bağlı hansısa qərar qəbul etməyib. Əgər ciddi qanun pozuntusu var idisə, o zaman nazirlik ÜAK-a xəbərdarlıq etməli və səhvi düzəltmək üçün vaxt verməli idi. Məncə, bu prosedur həyata keçirilməyib və nazirlik özü qanun pozuntusuna yol verib. Moskva ÜAK-ın qeydiyyatının ləğvini istəmirsə, bu amil hüquqi əsas kimi göstərilə və Ədliyyə Nazirliyinin iddiası geri qaytarıla və Nazirliyin qərar verməsi tövsiyə edilə bilər. Bundan sonra isə ÜAK sənədlərdə əgər problem varsa həmin problemləri düzəldib qeydiyyat üçün nazirliyə yenidən müraciət edə bilər. Nazirlik isə məsələnin müsbət həllinə qərar verər”.

ÜAK 2001-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və təsis konfransında Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər. Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib.

musavat.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir