Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa İttifaqı iyulun 1-dən COVID pasportu tətbiq edəcək

Avropa İttifaqı iyulun 1-dən etibarən koronavirusa qarşı vaksinasiya və COVID-19 testləri barədə sertifikasiya rejimini tətbiq etmək niyyətindədir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa işləri üzrə dövlət katibi Kleman Bon məlumat verib. “Bu alət (Avropa COVID pasportları) iyulun 1-dən etibarən Avropa İttifaqının 27 ölkəsində tətbiq olunacaq. Sənəddə peyvənd və ya testlə bağlı məlumatlar qeyd ediləcək”, – deyə o, BFM TV televiziyasının efirində bildirib.

Sənəddə hansı peyvəndlərin qeyd olunacağı sualına aydınlıq gətirən Kleman Bon burada Avropa Dərman Vasitələri Agentliyinin (EMA) təsdiq etdiyi bütün peyvəndlərdən (“Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”) söhbət getdiyini deyib. Digər hallarda Avropa İttifaqına səyahət etmək üçün koronavirus testi vermək lazım olacaq.

Qeyd edək ki, ötən həftə ədliyyə məsələləri üzrə Avropa Komissiyasının üzvü Didye Reinders iyulun 1-dən etibarən üç növ məlumatın – vaksinasiyanın, mənfi test nəticələrinin və ya sağalma halının sertifikasiya ediləcəyini bildirib. Avropa ittifaqının bütün vətəndaşları COVID pasportunu rəqəmsal və ya kağız şəklində pulsuz əldə edə biləcəklər.

Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, bütün üzv ölkələr Avropa reqlamentinin qüvvəyə minəcəyi vaxta qədər sertifikat verməyə hazır olmalıdır. Avropa Komissiyası bu məqsədlə hər üzv ölkəyə 1 milyon avro ayırıb və onlara lazımi texniki dəstəyi davam etdirir.

Eyni zamanda, koronavirus testləri üçün əlverişli qiymətlərin təmin edilməsi üçün Avropa İttifaqına üzv ölkələrə əlavə 100 milyon avro ayrılacaq.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …