Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Qafqaz albanlarının türk mənşəli olması elmi şəkildə sübut olunmuşdur

Erməni alimləri, onların xarici və daxili havadarları hər vəchlə türklərin Qafqazda, İran yaylasında, İraqda, Şərqi Avropada (macar tarixçisi Farkas İldiko (7 mart 2014) Macar turançılığının türk əlaqələri) və Anadoluda aborigen olması məsələsinə ciddi cəhdlə kölgə salmağa çalışırlar. Hər yerdə kiçik və ya böyük Ermənistan xəyalı nağılından istifadə edirlər. Hayların rus istilasına qədər (1828) Qafqazla və ya Qafqaz xalqları ilə həm coğrafi, həm də siyasi baxımdan qeyd etsək, məlum olur ki, heç bir əlaqəsi olmamışdır. 1828-ci ildən əvvəl Qafqazda erməni amilinin qəbul edilməsi qətiyyən mümkün deyildir.

Buna görə də qrabar və ya aşxarabar dilli mənbələrin Albaniya ilə yaxın, uzaq heç bir əlaqəsi real elmi tədqiqatda təsdiqini tapmamışdır. Bu, ermənilərin tarixi sənədlərə “redaktə” yolu ilə müdaxiləsi nəticəsində yaranmışdır. Müasir Ermənistan tarixçiləri Albaniyaya sahiblənmək üçün heç bir əsas olmadan Aluank, Ağvank toponimlərini “elmi alver” üçün yaratmışdılar.

Mayın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinə baş çəkərkən bu barədə maraqlı məlumatlar verilib. Dövlət başçısı vurğulayıb ki, ermənilər XIX əsrdə də bütün alban tarixi mirasını özününküləşdirmək istəmişdilər.

V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək onların ermənilər tərəfindən saxtalaşdırılması ilə əlaqədar çox maraqlı və lazımlı bir tezis irəli sürmüşdür: “Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunların çox vaxt müqayisə edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyatla yanaşmaq lazımdır” (Bartolğd V.V.“Mesto prikaspiyskix oblastey v istorii musulğmanskoqo mira”. – Soç. M., 1963, t. 2.).

Uzun illər sovet ideoloqları siyasi hakimiyyətlərindən istifadə edərək məqsədli şəkildə türklərin genezisinin tədqiq edilməsinə imkan vermirdilər. Lakin bu, heç də o anlama gəlməməlidir ki, sovet hakimiyyəti illərində bu sahədə_- “Qafqazda albanlar” mövzusunda araşdırmalar aparılmamışdır. Bir sıra problemlər tədqiq edildikdə məcburən Albaniya tarixinin öyrənilməsinə ehtiyac yaranırdı. Albanların türklüyü son illərdə bir çox alimlərin tədqiqatının nəticəsi kimi çox böyük fenomenal hadisədir. Professor Fəridə Məmmədovanın Albaniya tarixi ilə əlaqədar tədqiqatlarını (“Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası”, Bakı, 1993), Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkülü tarixindən” (Bakı, 1994), Z.İ.Yampolskinin “Drevnəə Albaniə III-I vv. do n.g.” (Bakı, 1962) əsərlərini xüsusi ilə qeyd etmək lazımdır.

Araşdırmalar açıq və ya zamana uyğun olaraq gizli şəkildə də aparılmışdır. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov albanların türklüyü ilə əlaqədar yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Yeni elmi araşdırmalarda “alban” etnik adını qədim türk “alp”(cəsur, igid) sözü ilə bağlayırlar. “Kitabi Dədə Qorqud”da bu etnosun “alpanlar” şəklində yazılışı, “alp” köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir.

Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin “Ay Tenqri”sinə uyğun gəlir. Belə dəlillər əsasında “alban” etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakesinlər, onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar.

Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar.

Həqiqətən biz tarixçilərin dünya elmi qarşısında məsuliyyətimiz və dünya elminə olan borcumuz tələb edir ki, albanların türklüyü ilə əlaqədar tədqiqatları daha da genişləndirək. Hətta rəsmi sovet ideologiyasının mane olmasına baxmayaraq, qeyd etdiyimiz və başqa rus tədqiqatçıları da çox halda elmi ədalət naminə ALBANLARIN TÜRKLÜYÜNÜ qəbul etmişdilər. Türkləri onların – albanların varisi hesab etmişdilər.

Elmi tədqiqat ciddi məsələdir. Siyasi qadağanlara baxmayaraq, ciddi tezislərin meydana çıxmasının qarşısını almaq isə həmişə mümkün olmamışdır. Əldə əsaslı faktlar xüsusilə arxeoloji, etnoqrafik, numizmatik, dilçilik asarları olduqda görkəmli alimlərin dediyi kimi, “əsaslı faktlara, ciddi maddi nümunələrə söykənən tezislər qəbul edilməli, qarşısında şlyapa çıxarılmalı və təzim edilməlidir”.

QAFQAZ ALBANLARININ TÜRKLÜYÜ məsələsi də bu kimi tezislərdəndir. E.ə. III-I minilliklərə aid mixi, yaxud mis mari yazılarda türk mənşəli sözlər, şəxs və yer adlarının müəyyənləşdirilməsi sahəsində ilk elmi addımlar atılmışdır. Məlum olmuşdu ki, türk etnosları ta qədim dövrlərdən (ən azı beş min il əvvəldən) bu ərazinin sakinləri idilər və hələ ən qədim dövrlərdə geniş bir ərazidə türk etnoslarının mütəmadi yerdəyişmələri baş verirdi.

Türk etnoslarının Anadoluda, İran yaylasında, İraqda, hətta Avropada (macarlar), Qafqazda, o cümlədən Azərbaycanda varlığını əsaslı şəkildə təsdiq edən maddi asarlar son 5000 ilə tam təminat verir. Qeyd olunan coğrafiyanın ən qədim aborigenləri türklər və bu ərazidə yaşayan başqa xalqlar olmuşlar. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

705-ci ildə ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən- qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi. Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Buna görə də bütün ölkə Albaniya adlandırılmağa başlanmışdı. Hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır.

Ən qədim zamanlardan türklərin yaşadıqları hər yerdə oxşar mədəniyyət izləri, nümunələri bu gün də davam etməkdədir. Bunlardan birini – daş heykəlləri xüsusilə qeyd etmək lazımdır. Bu nümunələr qeyd olunan coğrafiyanın hər yerində, o cümlədən Monqolustandan Rumıniyaya qədər çox geniş bir ərazidə türk qəbilələri arasında yayılmışdır. Qədim türk daş heykəlləri qeyd olunan coğrafiyanın hər yerində türklərin 5000 ildən artıq tarixin silə bilmədiyi izlərdir. Ona görə də ermənilər Qarabağı işğalda saxladıqları illərdə daş heykəllərə də qənim kəsilmişdilər, onları dağıdırdılar.

Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir. Albaniyadakı xalqlar və tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar.

Həsənbala SADIQOV,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …