ABŞ-ın S-400 təhdidlərinin ardınca Avropanın aparıcı qurumu da Ankaraya qarşı hücuma keçdi; politoloq: “Əsas məqsəd Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmaq və üzv qəbul etməməkdir”
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyəyə qarşı sanksiya tətbiq edib. Verilən qərara əsasən, Ankaranın Aralıq dənizinin şərq sahillərində təbii qaz kəşfiyyatı fəaliyyətlərinə görə tətbiq olunan sanksiyalar Türkiyə ilə Aİ arasında yüksək səviyyədə təmasları və hava-yük daşıması müqaviləsi müzakirələrini məhdudlaşdırır. Eyni zamanda Türkiyəyə 2020-ci ilə qədər verilməsi nəzərdə tutulan 145,8 milyon avro dəyərində yardım da dayandırılacaq.
Bu sanksiya 2014-2020-ci illər ərzində Aİ-nin Türkiyəyə 4,4 milyard avro dəyərində demokratiya, idarəçilik, hüququn aliliyi, əsas hüquqlar, ekologiya, iqlim, nəqliyyat, enerji, innovasiya, təhsil, sosial siyasət və sair kimi sahələrə ayrılmalı olan vəsaitin son mərhələsinin ödənməsini dayandırır. Bundan başqa, Aİ xarici işlər nazirləri Türkiyənin Aralıq dənizindəki qazma fəaliyyəti ilə əlaqəli təşkilat və şirkətlərə maliyyə sanksiyalarının tətbiq olunması istiqamətində fəaliyyətlərin davam etməsini tələb edib. Eyni zamanda Avropa İnvestisiya Bankının Ankaraya veriləcək kreditinin də nəzərdən keçirilməsi tələb olunub.

Mətbuatın yazdığına görə, Türkiyə XİN bu qərara sərt etiraz edib. Nazirliyin yaydığı rəsmi açıqlamada bu qərarın Türkiyənin Aralıq dənizinin şərq sahillərindəki hidrokarbon fəaliyyətlərinə təsir etməyəcəyi vurğulanıb. Xatırladaq ki, ötən il noyabrın 10-da Amerikanın “Exxon Mobil” şirkəti, “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başlatdığını elan edib. Bundan öncə isə ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Frensis Fannon Kiprə səfər edib. O da məlum olub ki, hazırda qeyd olunan bölgədə qaz kəşfiyyatını Britaniyaya məxsus “Stena Icemax” gəmisi həyata keçirir. Onun ətrafında isə bir sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi keşik çəkir. Bu il isə Türkiyə Kipr adası ilə Türkiyə arasındakı bölgəyə iki geoloji-kəşfiyyat və qazma gəmiləri göndərib. Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində axtarış-qazma fəaliyyətinə başlayıb. Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb. Ancaq bu addım Avropa ölkələri və ABŞ-ın sərt reaksiyası ilə müşayiət olunub. ABŞ Konqresi ötən həftə Cənubi Kiprə tətbiq olunan sanksiyaların götürülməsi ilə bağlı qanun qəbul edib. Ötən ay isə Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etmişdi ki, Ankaranın qazma fəaliyyətlərinin “qanunsuz” olduğunu və qazma fəaliyyətləri dayandırılmayacağı təqdirdə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq. Avropa İttifaqı Türkiyənin qazma fəaliyyətlərini “Kiprin iqtisadi bölgəsinə girmək və suverenliyini tapdalamaq”da günahlandırıb.
Türkiyə tərəfi isə Şimali Kipr Türk Respublikasının və onun türk vətəndaşlarının haqlarının olduğunu vurğulayır. Avropa tərəfinin Kipr kimi yalnız yunan tərəfinin haqlarının irəli sürülməsini ədalətsiz addım adlandırır. Şimali Kipr hökuməti də Avropa İttifaqının Türkiyə qərarını tənqid edib. Şimali Kipr prezidentinin sözçüsü Barış Burcu, Avropa İttifaqının sanksiya qərarının “problemin həllinə yardım etməyən, ədalətli olmayan, qəbul edilməz bir durum” adlandırıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İttifaqının sanksiya qərarlarını ciddiyə almağa ehtiyac görmür. Çavuşoğlu deyib ki, Aİ-nin bu qərarı Kiprin yunan hissəsini razı salmaq üçün atılmış addımdır. Nazir onu da deyib ki, Türkiyə Aralıq dənizindəki qazma fəaliyyətlərini davam etdirəcək. Sitat: “Əgər Türkiyəyə qarşı belə bir qərar versəniz, o zaman fəaliyyətlərimizi daha da genişləndirəcəyik. Yaxın zamanlarda qazma işini aparan 4-cü gəmini də bölgəyə göndərəcəyik”. Çavuşoğlu qeyd edib ki, Türkiyə Şimali Kiprin türk xalqının haqlarını heç kimə, o cümlədən yunan Kiprinə güzəştə getməyəcək.
Mətbuatın yazdığına görə, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatlarının olduğu güman edilir. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir. Bu isə bu günə qədər kəşf olunmuş ən böyük yataqlardan biri deməkdir.
Qeyd edək ki, bundan əvvəl də Aİ-nin Türkiyəyə qarşı dəfələrlə təzyiq xarakterli davranışlarını müşahidə etmişik. Hətta Ankara Avropa Birliyinə üzvlüyə hazır olduğunu bəyan edəndə qurum qardaş ölkə qarşısında həlli mümkün olmayan tələblər qoydu. Bu mənada Ankaraya qarşı növbəti təhdidlər təsadüfi deyil. Təsəvvür edin, Türkiyə milyonlarla qaçqına qucaq açıb, bölgədə terrora qarşı təkbaşına mübarizə aparır, amma bunun qarşılığında Qərbdən dəstək əvəzinə, sanksiya qərarı ilə “mükafatlandırılır”.
Digər tərəfdən də ABŞ-ın təzyiqləri davam edir. ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib. Trend-in məlumatına görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasıdır.

“Və indi biz Türkiyə deyirik…Biz sizə F-35 təyyarələrini satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək” – Tramp deyib.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Türkiyəyə qarşı təhdidlər davam etməkdədir: “Burada həm S-400-lə, həm də son vaxtlar neytral sularda aparılan qazma işləri ilə bağlı problemlər qabardılır. Təəssüf doğuran məsələ də odur ki, bütün bu proseslər siyasiləşdirilir. Avropa İttifaqının sanksiyaların tətbiq edilməsi ilə bağlı açıqlamaları da bu seriyadandır. Kiprin Avropa İttifaqının üzvü olmasından və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət kimi qəbul olunmamasından istifadə edilir, neytral sular məfhumunu sıradan çıxarmaqla bu addımlar atılır. Təbii ki, əsas məqsəd Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmaq və üzv qəbul etməməkdir”.
A.Nağıyev qeyd etdi ki, eyni zamanda, Rusiya ilə yaxınlaşma da faktorlardan biridir: “Sanksiyalar tətbiq edilərsə, Avropa və Türkiyə arasında olan iqtisadi və hərbi sahədə olan tərəfdaşlıq pozulması təhlükəsi yaranacaq, idxal-ixrac əməliyyatları balansı pozulacaq. Təbii ki, siyasi məsələlərdə də gərginlik yarana bilər. Türkiyə tərəfi bəyan edir ki, qazma işləri davam edəcək. Zənnimcə, Türkiyə-Rusiya yaxınlaşması da bu səbəblərdən biridir. Yəni burada hansısa neytral sulara iki aya öncə bir gəminin girməsi ümumiyyətlə dilə gətirilmir, ikinci gəmi girən kimi sanksiyalardan söhbət açılır. Deməli, bu Vaşinqtonsuz baş verə bilməz. Hətta ABŞ dövlət departamentinin Brüsselin sanksiyalarını dəstəkləməsi də buna bir sübutdur. Digər məsələ də Türkiyə Mərkəzi Bankının rəhbərinin istefaya göndərilməsidir. Bu istefa ilə sanksiya məsələsi arasında müddət cəmi 9 gün oldu. Çünki pul siyasəti və Qərbin yatırdığı vəsaitlərin taleyi dəyişə bilər. Bir daha əmin olmaq olar ki, Kipr məsələsi səbəb deyil, bir vasitədir”.

Bu arada Rusiya Türkiyəyə istehsal etdiyi döyüş təyyarələrini satmaq təklifi verib. Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov bu haqda danışıb. Borisov bildirib ki, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar.
Kanadalı senator Cozef Dey tərəfindən NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsi üçün hazırlanan hesabatda isə iddia edib ki, Türkiyədə nüvə silahı var. Redaktor.az “AFP” agentliyinə istinadən xəbər verir ki, hesabatda ABŞ-ın Avropanın 6 ölkəsinə nüvə silahı yerləşdirdiyi qeyd olunub. Onların arasında Türkiyə ilə yanaşı, Belçika, Almaniya, İtaliya və Hollandiya var. Əksəriyyəti “B-61” növ nüvə silahlarından ibarət mərmilər hərbi hissələrə yerləşdirildiyi vurğulanır. İddiaya görə, Türkiyədə ABŞ-a məxsus nüvə silahları “İncirlik” hərbi hava bazasında saxlanılır. Bildirilir ki, Avropa ölkələrində ABŞ nüvə silahlarının sayı 150 civarındadır. Lakin NATO rəsmiləri sənədin hərbi alyansa aid olmadığını irəli sürüb.
Mümkündür ki, Türkiyə düşmənləri bu kimi xəbərləri tirajlamaqla Ankaraya qarşı basqıları artırmağa cəhd göstərirlər.