Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Ay qardaş, sənin əynindəki 20 minlik kostyum haradandır?!”

Korrupsiyaya qarşı mübarizə postsovet, eyni zamanda Azərbaycan kimi resurslarla zəngin ölkələrdə daim diqqətdə saxlanılan aktual məsələ hesab olunur. Bu baxımdan, dəniz qonşumuz Qazaxıstanda atılan addımlar diqqəti cəlb edir.

Bu ilin oktyabrında bu neft ölkəsində korrupsiyaya qarşı mübarizəni tənzimləyən qanuna ciddi bir dəyişiklik qəbul olunub. İki gün əvvəl ölkə prezidenti Qasım-Jomart Tokayevin təsdiqlədiyi həmin dəyişikliyə əsasən 2021-ci il yanvarın 1-dən etibarən Qazaxıstanın dövlət aparatında yer alan məmurların, ölkə parlamentinin deputatlarının, həmçinin məhkəmə hakimlərinin xarici ölkələrdə bank hesabına sahib olması qadağan edilir.

Maraqlıdır ki, sentyabr ayında yayılan rəsmi məlumatlarda bu qadağanın qeyd olunan şəxslərin ailə üzvlərinə (arvad, ər, övlad) də aid ediləcəyi bildirilirdi. Lakin dəyişiklik yalnız özləri ilə bağlı qəbul edilib. Qazaxıstan rəsmiləri bildirirlər ki, qadağa ilkin mərhələdə məmur, deputat və hakimlərə aid edilib. Sonrakı mərhələdə zərurət yaranarsa, təkmilləşdirmə aparılaraq ailə üzvləri də qadağanın əhatə dairəsinə daxil edilə bilər.

Məlumdur ki, Azərbaycanda da korrupsiya cəmiyyətin və dövlətin əsas başbəlalarından biridir. Uzun illərdir ölkədə məmurların, hakimlərin, deputatların korrupsiyadan uzaqlaşdırılması üçün müxtəlif addımlar atılsa da, ciddi bir effektin əldə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Məmurların gəlirlərinə dair bəyannamə təqdim etməsini nəzərdə tutan qanun 2006-cı ildə qəbul olunsa da, hələ də onun icrasına başlanmayıb. Nəticə isə kifayət qədər ciddidir: Azərbaycanda orta və yüksək ranqlı məmurların hansı araşdırılırsa, ya özünün, ya yaxın ailə üzvlərinin xarici ölkələrdə milyonlarla dollar dəyərində biznesi, hesabları aşkarlanır. Bütün bunlar Qazaxıstanda qəbul edilən qadağanın Azərbaycanda da qəbul olunmasını zəruri edir.

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan və Azərbaycan kimi korrupsiyadan çox əziyyət çəkən ölkələrin məmurları xaricdə onsuz da birbaşa öz adlarına əmlak almır, bank hesabı açmırlar: “Bunu ya qohumların, ya dostların adına açırlar, ya da offşor zonalarda şirkətlər təsis edərək onların adına açırlar. Bu baxımdan, güman edirəm ki, Qazaxıstanda da eyni vəziyyətdir: məmurlar, hakimlər, deputatlar xaricdəki bizneslərini kimlərinsə adına açıblar. Yəni bu kimi qadağaların yanından keçmə ciddi bir çətinlik yaratmır. Hətta kimsə ”səhvə” yol verib öz adına nəsə açıbsa, qanuna dəyişikliyin hazırlanması barədə rəsmi məlumat açıqlanandan bəri ötən 3 ayda onu başqasının adına keçirə bilib. Buna görə də mən Qazaxıstanda qəbul edilən qadağanı populist addım hesab edirəm: yəni gördünüz, biz belə qadağa qəbul etmişik. Eyni addımı Rusiyada bir neçə il əvvəldən atıblar. Lakin bu, məmurların, deputatların, hakimlərin rüşvətə, korrupsiyaya bulaşmasının qarşısını almayıb. Hətta bu qadağa ailə üzvlərinə də aid edilsə belə, onun yanından keçmək imkanları kifayət qədər genişdir. Baxın, Azərbaycanda xarici vətəndaşlara torpaq sahibi olmağa icazə verilmir. Amma xarici vətəndaş çox rahatlıqla Azərbaycanda torpaq ala bilir. Çox sadə yolla: burada bir şirkət açır, onun adına istədiyi qədər torpaq alır. Şirkətin sahibi olur xarici vətəndaş, torpaq da olur şirkətin, yəni onun mülkiyyəti”.

Ekspert qeyd edir ki, əsas qanunu qəbul etmək deyil, onun effektiv icrasını təmin etməkdir: “Qanunun icrasının təminatı o qəbul edilməzdən əvvəl hazır olmalıdır. Mütəxəssislər müxtəlif variantlar üzrə qanunun nə qədər effektiv olacağını hesablamalı, nəticələr müzakirə olunmalı, müvafiq proqnozlaşdırma aparılmalı, daha sonra qanunvericiliyə zəruri dəyişiklik edilməlidir. Hüquq bir elmdir, qanun yaradıcılığı asan iş deyil. Qanunun qəbulu ilə onun verəcəyi nəticələr arasında bağlılıq təmin olunmasa, ən mütərəqqi qanun da heç bir effekt verməyəcək. Qanunu hazırlayarkən bilinməlidir ki, onun hansı maddələri necə təfsir oluna bilər, ona istinadlar hansı məqsədli ola bilər və sair. Azərbaycanda bir çox hallarda qanunu elə işləməməsi üçün yaradırlar. Bəzənsə hüquqi savadsızlıqdan irəli gələrək zəif qanunlar qəbul edilir”.

Ə.Həsənovun fikrincə, Azərbaycanda məmurları korrupsiyadan yayındıracaq əsas vasitə gəlir deklarasiyasının təqdim olunması mexanizminin yaradılmasıdır: “Təqdim olunan bəyannamələr ictimaiyyətə açıq olmalıdır ki, sabah biz gedib məmurun yaxasından tutaq ki, ay qardaş, sənin əynindəki 20 minlik kostyum haradandır?! Yaxud övladlarının, həyat yoldaşının avtomobilləri, ildə on dəfələrlə xarici səfərləri hansı mənbədən maliyyələşir? Hazırda Azərbaycanda hansısa məmurdan, hakimdən, deputatdan bunu soruşan yoxdur. Belə sorğuya hüquqi əsas yaradan qanunvericilik də mövcud deyil. Buna görə də məmurlarımız arın-arxayın şəkildə öz bildiklərini edirlər”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …