Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Ayna Fərhad yazır: Kaş indiki kimi yaza bilərdim

Tez-tez yadıma uşaqlıq illərim, analı günlərim düşür. Bir də az sonra qələmə alıb nəqil edəcəyim əhvalatı daha çox xatırlayıram.

Xatırladıqca utanıram, utandıqca isə özümə əsəbləşirəm.
Axı niyə? Nədən? Hansı səbəbdən? Niyə axı mən beş cümlə qurub fikrimi izah edə bilmədim. Əvəzinə aciz kimi, qorxaq kimi, uşaq, bəli-bəli uşaq kimi ağladım. Çox aciz görsənirdim. Aman tanrım, kaş indiki düşüncələrim o zaman olardı. Kaş o zamanda dolğun cümlələr qura bilərdim. Elə bu yazımda quracağım cümlələr kimi.

Bir az əvvəl uşaq kimi ağladığımı qeyd etdim. Axı elə uşaq idim. Amma yaşıdlarımdan fərqli idim. Mənim o zamanda indiki kimi gözlərim qəmli idi. Zamanından əvvəl böyümüşdüm. Artıq altıncı sinifdə oxuduğum halda, böyüklərin işini görürdüm. Qab yuyur, paltar yuyur, ev yığışdırırdım. Cəmi on iki yaşda evin yükünü çiynimdə gəzdirirdim. Tək səbəb anamı zamansız itirməyim idi.

Çox gözəl xatırlayıram. Alltıncı sinifdə oxuyurdum. Ana dili müəlliməmiz dəyişmişdi. Daha doğrusu, müəlliməmiz analıq məzuniyyətində idi. Yerinə əvəz edici müəllimə gəlmişdi. Artıq bir ay idi bizə dərs deməsinə baxmıyaraq sinifdəki uşaqların ailəsini dərindən tanımırdı. Lakin bu bir ayda özümü doğrultmuşdum. Hər dəfə inşa, ya müstəqil iş verəndə ilk mənim yazımı ya oxuyar, ya özümə oxutdurardı. Hər dəfə də tərifliyərdi. Yüksək qiymət yazardı.

Bir gün yenə inşa yazdırdıq. Mövzu ” Mənim Ailəm ” idi. Yenə adımı çəkib yazı taxtasının önünə çıxartdı. Atam və qardaşımdan yazmışdım. Bitirən də bir qədər gözləyib, eynəyinin altından mənə baxdı. Anan haqda niyə yazmamısan? deyə soruşdu. Başımı aşağa salıb hönkür-hönkür ağladım. Uşaqlar vəziyyəti anlatdı. Aygün müəlliməm çox sarsılmışdı. Bağışla qızım ağlama dedi. Nə xeyri dayanmaq bilmirdim. Özü də elə anamın vəfat etdiyi aprel ayı idi.Axmaqlıq idi etdiyim. Kaş indiki kimi yaza bilərdim. Əgər indiki kimi yazsaydım belə yazardım.

Mənim anam yaşadığı 45-ilə böyük dünya sığdıran qadın və mənim insanlıq, ismət simvolumdur. Yaşadığı ömür boyu ehtiyacı olanlara kömək edən, övladlarını, milli ruhda böyüdən ana idi. Daim halal, vicdanlı olmağı tələb edən böyük tərbiyəçi, dərdi, sirri olsada bəziləri kimi anasına, bacısına giley etməyən məğrur insan idi.
Yanımda olmasada qəlbimdə olan anamı, çox sevirəm. Sağ olsa da, olmasa da ölənə qədər onu sevəcəyəm. Kaş o zaman belə yazardım…
Ayna Fərhad

Ayna Fərhad

Check Also

Ağaevli Əli Hacıdan İKİ ŞEİR

Öləndə məni çağır Bir az oturub,gülək ! Bu vaxt bizi öldürür, Biz də vaxtı öldürək …