Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan BMT Təhlükəsizlik Şurasına çağırış edib

“Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib.

O bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda bir sıra məsələlər qaldırılır: “Təhlükəsizlik Şurasının bu iclasında, o cümlədən şəhər rayonlarında hərbi əməliyyatlar zamanı mülki şəxslərin üzləşdiyi problemlərin qarşısının alınması və onlara cavab verilməsi üçün Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrdən daha səmərəli istifadə etməyin yolları və ölkələrin beynəlxalq humanitar hüquqa riayət olunmasını necə yaxşılaşdıra biləcəkləri barədə müzakirələr zamanı həmin konseptual məktubda qeyd olunan məsələlər rəhbər götürülməlidir”.

Diplomat deyib ki, beynəlxalq humanitar normalarına tam riayət edilməsinin təmin olunması bütün silahlı münaqişələrdə əsas vəzifədir: “Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir”.

Azərbaycanlı diplomat vurğulayıb ki, BMT-nin Baş katibinin öz məruzəsində vurğuladığı kimi, qaydalara riayət olunması və qabaqcıl praktikanın tətbiq edilməsi, habelə təqsirkarların məhkəmə qaydasında təqibinin reallaşdırılması və qurbanlara dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün siyasi iradə tələb olunur:

“Humanitar təşkilatların rolu əvəzedilməzdir. Bu təşkilatların münaqişəli və münaqişədən sonrakı hallarda iştirakı müstəsna olaraq humanitar xarakter daşımalı, bundan siyasi məqsədlər üçün istifadə edilməməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət edilməklə zərərçəkmiş ölkənin razılığı, neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …