Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan diasporunun fəallaşması terrorbaşı ASALA-nı hərəkətə gətirdi – diaspor fəallarımız təhlükədə…

Azərbaycan diasporasının mütəşəkkiliyi və nəyə qadir olması bu ilin ortalarından sonra özünü daha aydın şəkildə göstərməyə başladı. 2020-ci il iyulun 12-dən başlayan Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat Azərbaycan, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qəzəb və narahatlığına səbəb oldu.

Azərbaycan ordusundan Tovuz döyüşləri zamanı tutarlı zərbə alan, eyni zamanda diplomatik müstəvidə də bizə uduzan ermənilər hər vəchlə özlərini təmizə çıxarmaq istədilər. Ancaq heç kəs ermənilərin uydurma yalan və böhtanlarına inanmadı. Əksinə, dünya miqyasında Azərbaycan müdafiə olundu, ermənilər isə təkləndi, Paşinyanın arzuları ürəyində qaldı. Ermənilərin Azərbaycana qarşı təcavüzkarlıq siyasəti, Tovuz rayonunda törətdikləri təxribatlar dünyanın müxtəlif ölkələrində məskunlaşan, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən həmvətənlərimiz tərəfindən qəzəblə qarşılandı, azərbaycanlılar küçələrə axışıb mitinqlər keçirdi, dünya xalqlarının qarşısında öz etiraz səslərini ucaltdılar. Mitinq keçirilən ölkələrdə erməni lobbisi Azərbaycan diasporunun qarşısında aciz qaldı.

  • Acız qalan erməni lobbisi terrora əl ata bilər…

Sentyabrın 27-dən başlayaraq ermənilərin Azərbaycana qarşı növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Belə ki, tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı, haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini təkidlə tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu dünya ictimaiyyəti də gördü və şahidinə çevrildi. Qürur hissi ilə vurğulamaq lazımdır ki, Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hökumətini çətin duruma salıb.  Onlar diaspor fəallarımıza qarşı bacardıqları qədər təxribatlar edirlər. Artıq Azərbaycan rəsmiləri də diaspor fəallarımıza erməni terrorundan qorunmaqla bağlı xəbərdarlıq edir.

  • Prezidentin köməkçisindən ASALA xəbərdarlığı…

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib ki, bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir. H.Hacıyev qeyd edib ki, xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: “Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümyənədlərinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdır”.

Dövlət səviyyəsində terroru və faşizmi tərənnüm edən Ermənistan kimi bir ölkədən bunları gözləmək  tam mümkündür. Bir müddət əvvəl ölkənin Dövlət Təhlükəsizliyi Xidməti  (DTX) ölkədə erməni terrorunun həyata keçirilə biləcəyilə bağlı xəbərdarlıq etmişdi. Həmin məlumatda deyilirdi: “Daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər”.

Bildirilib ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir:

“Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur.

Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

  • DTX da diaspor fəallarımıza ehtiyatlı olmağı tövsiyə edir

Göründüyü kimi, bir müddət əvvəl DTX-nın adından yayılan rəsmi məlumatda da xaricdəki diplomatlarımıza, diaspor nümayəndələrimizə ayıq-sayıq olmaq, erməni terrorundan maksimum qorunmaq tövsiyə edilir.

Əslində erməni terroru, dinc insanların qətli ilk yaşanan məqamlar deyil. Heç uzağa gteməyək, 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürülüb. 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb olub. 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoyub. Bu uşaqlar erməni terrorunun qurbanlarıdır. Ekspertlərin fikrincə, indi təkcə dövlətin tədbirləri deyil, vətəndaşlar da sayıqlığını artırmalıdır. Çünki düşmən cəbhədə məğlub olduğuna görə azğınlaşıb. Hələ keçən əsrin 90-cı illərində müəyyən üstünlüyə malik olmasına rəğmən hər cür təxribatlara əl atmışdı. Bu gün isə fəlakətli şəkildə məğlubiyyətə uğrayır və deməli, azğınlığı daha da artacaq. Ermənistan xislətinə uyğun terror dövləti olduğunu bir daha sübut edir. Dünyada tanınmış “Daşnaksütyun”, “Hnçak”, “Dro”, ASALA və s. birbaşa ermənilərin təşkilatlardır. Ancaq erməni terror maşını sadəcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə bütün dünyaya qarşı təhdiddir. Terrorun mahiyyəti ondan ibarətdir ki, insanlar arasında qorxu, xof yaransın. Ermənilərin də məqsədi budur. Amma unudurlar ki, indi zaman başqadır. Azərbaycan xalqının əzmini heç cür sındırmaq mümkün deyil. Əksinə, düşmənə qarşı döyüş əzmimiz, iradəmiz güclüdür.  Rəsmi bəyanatlarda adı çəkilən ASALA ötən əsrin sonlarında müxtəlif ölkələrdə türk diplomatlarını qətlə yetirməsilə məşhurdur. Bu baxımdan da onların  hazırda xaricdəki fəal soydaşlarımıza qarşı analoji addımları ata biləcəkləri mümkün sayılır.

  • “Erməni lobbisini Azərbaycan diasporunun son dirçəlişi ciddi narahat edir”

Bəs xaricdəki diasporumuzun fəalları edilən bu xəbərdarlıqlardan hansı nəticələri çıxarıblar? Xarkov Vilayəti Azərbaycan Gənclər Diaspor təşkilatının sədri Arif Abdullayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən prosesləri yaxından izləyirlər: “Biz bilirik ki, erməni lobbisini Azərbaycan diasporunun son dirçəlişi ciddi narahat edir. Onlar, hətta son proseslərlə bağlı həqiqəti ifadə edən dünyanın nüfuzlu KİV-ləri və jurnalistlərinə qarşı da  təzyiqlər, ölüm hədələri edirlər. Azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etmələri aydın şəkildə nəzərə çarpır. Hesab edirəm ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı və diasporumuzu susdurmaq cəhdləri səmərə vermədikcə onlar başqa metodlara əl ata bilərlər. Bu metodun adı bəllidir – ermənilərin qanına yerimiş və daima istifadə etdikləri terror. Onlar praktikada bunu çoxdan sınaqdan keçiriblər. ASALA günahsız  türk diplomatlarını xarici ölkələrdə öldürməklə məşhurdur. Həmin terror ənənələrini onlar bu gün də qoruyub saxlayırlar. Özü də Ermənistan dövləti terroru tam himayə edir. Yeri gələndə onlar terroru öz millətinə qarşı da tətbiq edir. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi  yadımızdadır. Onda Dağlıq Qarabağla bağlı hansısa prosesin gedişinə mane olmaq üçün erməni terrorçuları həmin addımı atdı. Dağlıq Qarabağla bağlı vəziyyət hazırda Ermənistanın istədiyi səviyyədə deyil. Döyüş meydanındakı uğursuzluqları ört-basdır etmək, əhalidə vahimə yaratmaq üçün onlar  terrora əl ata bilərlər”.

  • “Bütün bu hədələr bizim əzmimizi sındıra bilməz”

Müsahibimizin sözlərinə görə, diaspor fəalları və Azərbaycanın diplomatları hədəf kimi seçilə bilər: “Təsadüfi deyil ki, rəsmi qurumlar, Prezidentin köməkçisi bununla bağlı xəbərdarlıq edir. Biz diaspor təşkilatları olaraq, qabaqlayıcı tədbirlər görməliyik ki, soydaşlarımız ziyan çəkməsin. Bunun üçün də biz diaspor təşkilatlarımzıa mütəmadi məsləhətləşmələr aparırırq. Bütün ölkələrdə yaşayan fəal soydaşlarımıza ehtiyatlı olmağı tövsiyə edirik. Bütün bu hədələr bizim əzmimizi sındıra bilməz. Biz ehtiyatı əldən verməmək şərtilə öz fəaliyyətimizi həvəslə davam etdirəcəyik. Bu fəaliyyət Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq, bacardığımız qədər Ordumuza maddi və mənəvi dəstək göstərməkdən ibarət olacaq.  Ermənilər bilməlidirlər ki, biz öz haqqımızdan başqa nəsə tələb etmirik. Bu səbəbdən də, terror etmək kimi fikirlərindən daşınmalıdırlar. Bugünkü müharibə bir daha göstərir ki, Azərbaycanla bu dildə danışmaq yersiz və mənasızdır. Ediləcək hər hansı bir terror hadisəsinə görə Ermənistan məsuliyyət daşıyacaq və  bunun cavabını verməli olacaq”.

Diaspor fəalı bildirdi ki, öz fəalyyətlərini bundan sonra həm təmsil olunduqları ölkənin, həm də Azərbaycanın rəsmi qurumları ilə daha sıx koordinasiya etməyi planlayırlar: “Biz edilən rəsmi xəbərdarlıqları təmsil olunduğumuz ölkənin və şəhərlərin rəsmi qurumlarına da təqdim edəcəyik ki, onlar da Azərbaycanın diaspor fəallarının təhülkəsizliyi ilə bağlı məsələyə xüsusi önəm versinlər”.

  • ASALA artıq prosesin içindədir…

Artıq ASALA-nın proseslərə cəlb olunması faktlarla təsdiqini tapır.  Bu istiqamətdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bildirilir ki, həyata keçirilən bu tədbirlərin davamı kimi Azərbaycan Respublikasının Baş Prokurorluğunda “ASALA” terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan Respublikası ərazisində törətdiyi cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılaraq müvafiq maddələrlə cinayət işi başlanıb.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …