Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə dünya çempionatı start götürüb.
Boyukmillet.com xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisinin üzvlərindən Asiman Qurbanlı I mərhələdə Rıdvan Kaptana (Türkiyə), ardınca isə Aleksey Vodçitsaya (Belarus) qalib gəlib. 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı növbəti görüşünü Andrey Ozerova (Latviya) qarşı keçirəcək.
Bu gün Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) da çıxış edəcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçılarından Rafael Ağayev II mərhələdə Li Fenq-Jenlə (Çin Taypeyi), İrina Zaretska Nesrin Buqrin (Belçika) – Riasko Moskero (Kolumbiya) cütünün qalibi ilə görüşəcək.
Pənah Abdullayev eyni raundda Meris Muhoviçlə (Bosniya və Herseqovina) döyüşəcək. Fəridə Əliyev isə Sirrus Linqlla (ABŞ) üz-üzə gələcək.
Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 noyabrda keçiriləcək para-karate üzrə dünya çempionatında 21 dövlətdən 81 idmançı qatılacaq. Azərbaycan yarışda 22 idmançı ilə təmsil olunur. Onlardan 5-i para-karateçilərin mübarizəsinə qatılacaq.