İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, nazir müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, Misirin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. O, qeyd edib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir. Bu sahədə əlverişli platforma olan Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında imzalanmış sənədlər işgüzar dairələr arasında tərəfdaşlığın inkişafına xidmət edir. Bununla yanaşı, iş adamlarının birbaşa əlaqələrinin qurulması, tərəfdaşlığın inkişafı baxımından biznes forumların, ticarət missiyalarının təşkili, sərgilərdə qarşılıqlı iştirak əhəmiyyətli tədbirlərdir.
İnvestisiya əməkdaşlığı barədə danışan E.Əliyev iqtisadiyyatın digər sahələri ilə yanaşı, Misir iş adamlarını işğaldan azad olunmuş ərazilərimizdə layihələrin həyata keçirilməsində iştiraka dəvət edib.
İ.Nasr ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə ikitərəfli iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirə aparılıb.