Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Prezidenti: “Artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil”

“Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, – indi saat 9:10-dur, – Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam edir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: “Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir.

O ki qaldı, toxunduğunuz ikinci məsələyə – niyə Qərb səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdə görürük. Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil”.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …