Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan qaziləri Türkiyədə səfərdədir – Emin Həsənli danışır

Emin Həsənli: “Qardaş ölkədə böyük hörmətlə qarşılanmağımız qürur yaradır”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədədir. Səfər qardaş ölkənin Zəfər bayramı ilə bağlıdır.

Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyinin dəvəti ilə gerçəkləşən səfər zamanı E.Həsənli Cankaya bələdiyyəsinin təşkil etdiyi 30 avqust bayram tədbirində çıxış edib.

E.Həsənli səfər təəssüratlarını “Yeni Müsavat”la bölüşdü: “Biz Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyinin başqanı, general-leytenant Namiq Kamal Çalışqanın dəvəti ilə 30 avqust Türkiyənin Zəfər bayramı, Türkiyə Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı keçirilən bayram tədbirində iştirak etmək üçün qardaş ölkədə səfərdəyəm. Səfərin ilk günü Türkiyə Cümhuriyyətinin qurucusu, qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət etdik. Daha sonra Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyinin mərkəzi qərargahında qurumun əvvəlki sədri, hazırda fəxri sədri olan, general-polkovnik Ərdoğan Qaraquşla görüşdük. O Azərbaycana böyük sevgisi olan bir insandır. Azərbaycan müstəqillik qazananda iki təyyarəsi Türkiyəyə gedib. Bu təyyarələrin üstündə SSRİ sözü yazılmışdı. O sözləri pozub Azərbaycan Respublikası sözünü yazdıran bir komandirdir. Həm də o, Türkiyə Silahlı Qüvvələrinin hərbi tarix qurumunun rəhbəri olub. Ona görə də onun türk tarixi haqqında kifayət qədər bilgiləri var. Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə ilk əlaqələrin qurulmasında böyük rolu olub. Bu əlaqələrin qurulmasında ilk şəxs olduğundan borc bildim ki, onu ziyarət edib. Daha sonra mərkəzi qərargahda yeni sədr, general – leytenant Namiq Kamal Çalışqanla görüşdüm. O ötən il Bakıya etdiyi səfəri xatırlatdı. Bu səfərin Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar bizim dəvətimizlə baş tutduğunu bildirdi. Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin yüksək olmasından söz açdı. İki qardaş ölkənin bu əlaqələrinin daim yüksək olmasını qeyd etdi. Eyni zamanda, Türkiyədə böyük nüfuza sahib olan Ehtiyatda Olan Zabitlər Birliyinin Azərbaycana haqq mübarizəsində hər zaman dəstək olacağını bəyan etdi. Ölkəmizdəki hərbi yönümlü qurumlarla da daim əlaqələrinin olacağını söylədi. Dəvət üçün ona təşəkkürümü bildirdim. Məni çox yüksək səviyyədə qarşıladılar. Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına daim sadiq qalacağımızı bildirdim. Bakının qurtuluşunda Osmanlı, Türkiyə vətəndaşlarının Nuru paşanın rəhbərliyi ilə böyük şücaət göstərdiklərini diqqətə çatdırdım. Azərbaycanlıların Çanaqqala savaşında şəhid verdiklərini diqqətdən yayındırmadım. Vətəndaşlarımızın istiqlal savaşına maddi, mənəvi və insanı dəstək verdiklərini bir daha xatırladıq. Bu dəstəyin Azərbaycan müstəqillik qazanandan sonra ən yüksək səviyyədə davam etdiyini söylədim. Ölkəmizin müstəqilliyinin ilk olaraq qardaş Türkiyənin tanıdığından söz açdım”.

E.Həsənli qardaş ölkədə fəaliyyət göstərən hərbi yöndəki təşkilatlardan da söz açdı: “Türkiyədə bu gün hərbi yönümlü dörd dərnək var. Onlar bütün türk bölgələri üzrə şöbələri, on minlərlə üzvləri var. Həddindən artıq böyük nüfuza malikdirlər. O dərnəklərdən biri də Türkiyə Haqqı Tapdalananlar, Qazilər, Şəhid, Dul və Yetimlər Dərnəyinin mərkəzi ofisində olduq. Dərnəyin sədri Mustafa İşıq bizi çox gözəl qarşıladı. O yeni seçilmiş genel başqandır. Onu da deyim ki, bu dərnəyin başqanı başda olmaqla nümayəndə heyəti 11 sentyabrda Bakıya gələcəklər. Bakının azad olunmasının 101 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəklər. Onlar Azərbaycanın verdiyi mücadiləni çox yüksək qiymətləndirirlər. Biz Azərbaycan və türk şəhidlərinin xatirələrini yad etdik. İki qardaş ölkənin qazilərinin əlaqələrini yüksək qiymətləndirdik. O, Afrində əməliyyatlar zamanı “Qardaşlığımız əbədidir” projesinin verdiyi effekti yüksək qiymətləndirdi. Afrində qazi olmuş insanların, terrorla mübarizədə qazi olanların 2016-ci ilin aprel döyüşlərində qazi olan Azərbaycan hərbiçilərini 2017-ci ildə ziyarət etdiklərini qeyd etdi. Son üç ildə Türkiyəyə etdiyimiz səfərləri xatırladı. Eyni zamanda, tez-tez Azərbaycana gələcəklərini söylədi. Biz bu görüşdə Türk Dünyasının şəhid ailələri, veteranları, ehtiyatda olan zabitlərinin böyük platformasının yaradılmasını da müzakirə etdik. Türk dövlətləri arasında mədəni birliklər mövcuddur. Eyni zamanda, bu ölkələrin başçılarının birliyi var. Bu ilin oktyabrında o birliyin yaradılmasının 10 ili tamam olacaq. Birlik Azərbaycanda yaradılıb. Türk dövlətlərinin parlamentlərinin də birliyi mövcuddur. Bu birliyin hərbi yönümlü QHT-lər səviyyəsində davam etdirilməsini müzakirə etdik. Bu görüşlərin hesab edirəm ki, böyük əhəmiyyəti var. Çünki bu dərnəklərin hər biri Türkiyədə çox ciddi nüfuza malikdir. Mən Azərbaycanda müharibə iştirakçılarına göstərilən qayğıdan da danışdım. Qarışıqlı hədiyyələr verildi. Türk ordusunun keçdiyi yolla bağlı çəkilən filmi birlikdə izlədik. Bizim qardaş ölkədə böyük hörmətlə qarşılanmağımız qürur yaradır. Eyni diqqəti, hörməti biz də qardaş ölkədən gələnlərə göstəririk”. (musavat)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …