Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilib

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Tədbirdə nazirliyin rəhbər heyəti, Çex Respublikasının Azərbaycandakı səfiri və səfirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Bakı Dövlət Universitetinin və Azərbaycan Slavyan Universitetinin rektorları və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Nazir müavini, yubiley münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsini məmnunluqla qeyd edib.

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm-təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran Fariz Rzayev, Azərbaycan və Çex Respublikası arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlacek 30-cu ildönümü qeyd olunan Azərbaycan-Çex Respublikası ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Növbəti ay Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini xatırladan Çex diplomat, Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib. Azərbaycanın Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbrsizliklə gözlədikləri vurğulanıb.

Azərbaycan və Çex Respublikası arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat, xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …